
Ədliyyə Nazirliyi Azərbaycan Sosialist Partiyasını qeydiyyata almaqdan imtina edir.
Bu barədə Gununsesi.info-ya adıçəkilən partiyanın sədri Elşən Həsənov bildirib.
Onun sözlərinə görə, 1999 – cu ilin sonlarında partiya təsis edilmişdir: “Təsis qurultayı barədə KİV-lərdə geniş materiallar dərc edilib. Qurultayda digər partiyaların və xarici səfirlik nümayəndələri iştirak etmişlər. Yəni hər bir şey şəffaflıq şəraitində keçirilmişdir. Partiyanın sədri olaraq nümayəndələr yekdilliklə mənim namizədliyim lehinə səs vermişdir. İlk dəfə də elə o zaman tələb olunana bütün sənədlərlə AR Ədliyyə Nazirliyinə partiyanın qeydiyyatı ilə müraciət etmişik. Müraciətdən iki il ötəndən sonra qeydiyyata imtina ilə bağlı heç bir əsası olmayan cavab almışıq. Partiyanın ideoloji əsaslarını adında əks etdirməkdən ötrü yenidən qurultay keçirib, adında dəyişiklik etmişik. Yekdilliklə qəbul olunan qərara əsasən partiyanın adı, Azərbaycan Sosialist Partiyası olaraq adlandırılmışdır. Yenə də də sənədləri müvafiq nazirliyə təqdim edərək rəsmi dövlət qeydiyyatı ilə bağlı ərizə ilə müraciət etmişik. Bundan sonrakı illər ərzində Ədliyyə Nazirliyinin əsassız bəhanələri ilə qeydiyyatdan imtina edilib ki, bu da cavab məktublarında öz əksini tapmışdır. 2018 – ci ildə partiyaları dialoqa dəvət edən siyasi hakimiyyətin çağırışlarından sonra AR PA Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və ƏN ilə əlaqələr yaradılmış, partiyanın yenidən qurultay keçirilməsi tövsiyyə edilmişdir. 2018 – ci ildə növbəti qurultay keçirilmiş və sənədlər yenə də AR ƏN – ə dövlət qeydiyyatına alınmaqdan ötrü təqdim edilmişdir. Bu əsnada bizi adıçəkilən Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə dəvət edərək dialoqa çağırmışlar. Dialoqda partiyanı sədr olaraq mən təmsil etmişəm. İlkin təssüratlara görə bəzi məqamlar üzrə aramızda fikir ayrılığının yaranması səbəbindən dialoqu uğursuz başa çatmış adlandırmaq olar. Bundan sonra eyni qayda ilə qeydiyyatdan imtina və tərəfimizdən Apellyasiya Məhkəməsinə müraciət mərhələsi gəlir. Apellyasiya Məhkəməsi nazirliyin nümayəndəsinin iştirakı ilə işə baxmış, lakin çıxardığı qərar həqiqəti əks etdirməmişdir. Vəziyyəti daha da gərginləşdirməməkdən ötrü biz ƏN-ə bir də müraciət etmişik. Bu dəfə imtina sözünün heç də uyğun olmadığını anlayan ƏN, bizə sənədlərdə düzəliş etməyimizi təklif edərək faktiki imtina cavabı göndərib. Bundan sonra bir də Apellyasiya məhkəməsinə müraciət edərək haqlı olduğumuzu sübut edəcək sənədləri ortaya qoysaq da məhkəmə, işə qərəzli yanaşaraq hüquqlarımızı müdafiə etməyib. Sonrakı mərhələdə Ali Mənkəməyə kassasiya şikayəti ilə müraciət etmişik. Vəziyyətin çıxılmaz olduğunu yəqin edən hakimlər işi, yenidən baxılmaq üçün Apellyasiya Məhkəməsinə qaytarmışlar. Aylar ərzində müxtəlif səbəblər üzündən iclasları bir neçə dəfə təxirə salınan məhkəmə sonda yenə də haqlı olmayan qərar vermişdir. Bundan sonra biz yenə də AR Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət edərək hələ də iclasın nə vax keçiriləcəyi vaxtı və qərarın nədən ibarət olacağını gözləməkdəyik. Bundan sonrakı müraciətimiz Avropa İnsan Haqları məhkəməsinə olacaqdır”.
Gununsesi.info