
Azərbaycan Yazıçılar Birliyinin qurultayında sədrliyə namizəd olmaq istəyənlərin qarşısının alınması, ciddi seçki pozuntularının müşaiyyət olunması və Anarın alternativsiz sədr seçilməsi ciddi müzakirələrə səbəb olub.
Bu tənqidlərə cavab olaraq isə AYB-nin sədr müavini Rəşad Məcid demokratik seçki ənənəsinə zidd olan açıqlama verib. O, bəyan edib ki, Anara rəqib olan şəxslər ümumiyyətlə, qurumdan kənarlaşdırılmalı idi.
Bəs görəsən, ciddi pozuntularla müşaiyyət olunan qurultayın nəticələrini Ədliyyə Nazirliyində ləğv etdirmək mümkündürmü?
Hüquqşünas Hafiz Həsənov Gununsesi.info-ya açıqlamasında bildirib ki, AYB ictimai birlik statusunda olduğundan onun seçkili orqanları mövcudur: “Bütün bunlar nizamnamə ilə həyata keçirilir. Ədliyyə Nazirliyinə sənədlər təqdim olunanda müəyyən olunsa ki, Yazıçılar İttifaqının qurulatyında ictmai birlik kimi onun üzvlərinin hüquqları pozulub və qanun pozuntusuna yol verilib, seçkilərdə saxtakarlıqlar olub, bu halda Ədliyyə Nazirliyi qurultayındakı dəyişiklikləri – sədr seçkisi, üzvlərin seçkisi və digər nəticələri qeydə almıya bilər. Bu pozuntunun müəyyən olunması ilə bağlı qeyd etdiyimiz şəxslər özləri də sənədlər təqdim olunandan sonra Ədliyyə Nazirliyinə müraciət edə bilər. Onların həmin pozuntuları şikayətlərində göstərməlidirlər. Ədliyyə Nazirliyinin qeydiyyat orqanı da bu halda yeni nəticələri qəbul etməz. Belə halda qurultayın yenidən keçirilməsi zəruridir. Yox əgər Ədliyyə Nazirliyi bu qurultayın nəticələrini qeydə alırsa, yeni reystrdən çıxarış verirsə, o zaman bu halda həmin şəxslər Ədliyyə Nazirliyinin həmin reystrdəki dəyişikliklər üzrə çıxarış verilən sənədlərin ləğv edilməsi ilə bağlı məhkəmədə mübahisələndirmə aça bilərlər. Bu halda həmin reystr sənədlərinin məhkəmə qaydasında da ləğv oluna bilər”.
Mətləb Yaqublu
Gununsesi.info