ƏDV aşağı salınacaq - SAHİBKARLARA ŞAD XƏBƏR

  • By admin
  • 10 Avqust 2016 12:25

VERGİ

Azərbaycanda kiçik və orta sahibkarların vergi yükü azaldıla bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə Vergilər Nazirliyində keçirilən mətbuat konfransında qurumun Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəis müavini Şamil Ərəbov deyib. Onun sözlərinə görə, istehsal fəaliyyəti ilə məşğul olan kiçik və orta sahibkarlar üçün mənfəət (gəlir) və əlavə dəyər vergisinin dərəcələri aşağı salınacaq:

“Bununla əlaqədar qanunvericilikdə dəyişikliklərin edilməsi və bu sahədə vergi inzibatçılığının yüngülləşdirilməsi nəzərdə tutulur. Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti 2016-cı ilin birinci yarısında genişmiqyaslı iqtisadi islahatlar aparıldığını, o cümlədən, vergi sahəsində də belə islahatların həyata keçirildiyini bildirib, bununla yanaşı, büdcəyə daha çox vəsait toplanması üçün imkanlar olduğunu qeyd edib və bu ehtiyatların aşkarlanması, ilin sonunadək bu sahədəki vəziyyətin tam şəffaflaşdırılması ilə bağlı konkret tapşırıqlar verib.

Məhz bu tapşırıqların icrası məqsədilə avqustun 4-də Azərbaycan Respublikası Prezidenti “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncam verib. Bu Sərəncam vergi sisteminin inkişafında, xüsusilə də vergi inzibatçılığının həyata keçirilməsində yeni bir mərhələdir.Nazir müavini qeyd edib ki, sərəncamda müəyyən edilmiş islahatların başlıca istiqamətləri biznes mühitinin bir qədər də yaxşılaşdırılması, vergi qanunvericiliyinin sahibkarlığın aparılması üçün daha əlverişli şərtlərin yaradılması və sahibkarların hüquqlarının genişləndirilməsi ilə bağlı müddəaları, həmçinin vergitutma bazasının genişləndirilməsi və vergi nəzarətinin səmərəliliyinin artırılması ilə bağlıdır, – deyə İ. Vəliyev vurğulayıb.

Nazir müavini əlavə edib ki, kənd təsərrüfatı məhsullarının ticarət şəbəkələrində pərakəndə satışı zamanı tam dəyərinin ümumi qaydada ƏDV-yə cəlb edilməsi ilə bağlı məsələ də artıq öz həllini tapacaq: “Bu addım kiçik və orta sahibkarlığı stimullaşdırmaqla yanaşı, pərakəndə ticarətdə rəqabət mühitini təmin edəcək”.

 

Gununsesi.info