Əflatun Amaşov: “Yaranışının 141 ilini geridə qoyan mətbuatımız ötən müddətdə şərəfli tarixi yol keçib”

  • By admin
  • 16 İyul 2016 00:19

matt

Tərtər rayonunda Azərbaycan milli mətbuatının 141 illiyinə həsr olunmuş konfrans keçirilib.

Gununsesi.info-nun məlumatına görə, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  Tərtərin ölkəmizin ictimai fikir tarixində oynadığı rolu önə çəkərək  bildirib ki, cəbhəyanı bölgə olan rayon mühüm strateji məntəqədir. Burada baş verən proseslərin ölkə ictimaiyyətinə doğru-dürüst çatdırılması son dərəcə mühüm əhəmiyyət daşımaqdadır. Belə obyektiv rəyin formalaşması isə əsası Həsən bəy Zərdabinin «Əkinçi» qəzeti ilə qoyulmuş milli mətbuatımızın ənənələrinə sadiqliklə mümkündür. Çünki Həsən bəy jurnalistlik fəaliyyəti göstərməklə yanaşı, həm də böyük vətənpərvər ziyalı idi. Bu gün onun varisləri olan jurnalistlər də vətənpərvərlik dəst-xəttini qoruyub yaşatmalıdırlar.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, yaranışının 141 ilini geridə qoyan mətbuatımız ötən müddətdə şərəfli tarixi yol keçib. «Əkinçi» qəzetinin fəaliyyətə başlaması o dövr Azərbaycanının həyatında olduqca mühüm hadisə idi. Nəşr ictimai fikrə təsir göstərməklə təkcə mətbu ənənələrin formalaşmasına təkan verməyib, ümumilikdə cəmiyyətə o vaxta qədər mövcud olmayan prinsiplər aşılayıb. «Əkinçi»də yazılan hər bir məqalə müəllifinin qismində sonradan fundamental fikrə çevrilib. Məhz onun təsiri nəticəsində XX əsrin əvvəllərində yeni xüsusi dəst-xəttə malik nəşrlər meydana çıxıb. Həmin nəşrlər «Əkinçi»nin daha çox məişətlə bağlı fikirlərinə ictimai-siyasi məzmun gətirirdilər. Yekun nəticə olaraq mətbuat Azərbaycanın XX əsrdə qazandığı ilk dövlət müstəqilliyinin katalizatoruna çevrildi. Cumhuriyyət dövründə 1875-ci ilin 22 iyulundan başlanan yol yeni inkişaf mərhələsinə qədəm qoydu ki, bu isə Rusiya imperiyası daxilindəki eybəcərliklərə adekvat yanaşma baxımından əhəmiyyətli idi» – deyən Ə.Amaşov sovet dövrü Azərbaycan mətbuatının da bütün məhrumiyyətlərə baxmayaraq Həsən bəy Zərdabi ənənələrinə sadiqlik nümayiş etdirdiyini vurğulayıb. O, ənənələrə sadiqlik ruhunun XX əsrdə ikinci dəfə qovuşduğumuz dövlət müstəqilliyinin əldə edilməsində misilsiz payının olduğunu diqqətə çatdırıb.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda media sahəsində aparılan dövlət siyasətində vətənpərvərliyin mühüm yer tutduğunu vurğulayıb. Hazırda medianın prezident İlham Əliyev tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu diqqətə çatdıran V.Rəhimzadə görülən işlərin konkret qanunvericik bazası ilə tənzimləndiyini bildirib. Bu baxımdan «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın qəbulunu və sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını vacib məqam kimi önə çəkib.

MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid çıxışında müasir dövrdə Azərbaycan mediasının inkişaf xüsusiyyətlərindən söz açıb. Bununla əlaqədar müxtəlif məsələlərə toxunan baş redaktor başlıca uğur kimi medianın ictimai münasibətlər sistemində etibar qazanmasını önə çəkib. O bildirib ki, Həsən bəy Zərdabi «Əkinçi»ni yaradarkən məhz belə bir missiyanın həyata keçməsini arzulayırdı. Çünki vətənpərvər ziyalı kimi hamıdan yaxşı anlayırdı ki, azad mətbuat olmadan xalqın tərəqqisi qeyri-mümkündür.

Gununsesi.info