
Həbsdə olan jurnalist Əfqan Muxtarlının Gürcüstandakı vəkili Arçil Çopikaşvili adıçəkilən ölkənin Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.
Gununsesi.info-nun xəbərinə görə, A.Çopikaşvili DİN-dən Əfqan Muxtarlının yoxa çıxdığı günə aid hərəkət istiqamətini tam əhatə edən videogörüntüləri istəyib.
Vəkilin sözlərinə görə, onlar əvvəl də eyni müraciəti göndəriblər. Ancaq təqdim edilmiş görüntülər şübhəlidir. A.Çopikaşvili DİN-ə müraciətində görüntülərin tamamının onlara təqdim edilməsini istəyib.
Vəkilin bu açıqlamasına hələlik, Gürcüstan Daxili İşlər Nazirliyindən münasibət cavab almaq mümkün olmayıb.
Qeyd edək ki, Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Belə ki, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.
Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Gülnaz Qənbərli
Gununsesi.info












