Əfqanıstanda hava zərbələri nəticəsində 14 dinc sakin ölüb

  • By admin
  • 23 Sentyabr 2019 19:19

Əfqanıstanın cənubundakı Helmand vilayətində hava zərbələri nəticəsində ən azı 14 dinc sakin həlak olub.

Gununsesi.org Anadolu agentliyinə istinadla xəbər verir ki, Vilayət Şurasının üzvü Əbdül Məcid insidentin “Taliban” hərəkatının nəzarətində olan Musa Qala rayonunda baş verdiyini bildirib. Onun sözlərinə görə, hökumət qüvvələrinə qarşı döyüşə hazırlaşan silahlı qruplaşmaya qarşı havadan zərbələr endirilib. Bombardman nəticəsində “Taliban” silahlıları ilə yanaşı gecə vaxtı toy mərasimindən qayıdan bir qrup dinc sakin də həlak olub. Məcid əlavə edib ki, çoxlu sayda yaralı var və ölənlərin sayının artacağı ehtimal olunur.

Əfqanıstan Müdafiə Nazirliyinin məlumatında isə “Taliban”ın 22 əcnəbi döyüşçüsünün öldürüldüyü, aralarında Pakistan və Banqladeş vətəndaşları da olmaqla 14 nəfərin isə həbs olunduğu bildirilir. Nazirlik əlavə edib ki, dinc sakinlərin ölməsi ilə bağlı təhqiqat aparılır. Dinc sakinlərin həlak olması xəbərini Helmand qubernatorunun sözçüsü Ömər Zvak da təsdiq edib.

Helmand Əfqanıstanın ən təhlükəsiz vilayətlərindən biridir. “Taliban”ın əksər ərazisində hakim olduğu bu bölgəyə tez-tez koalisiya güclərinin hərbi aviareydləri təşkil olunur.

 

 

Gununsesi.org