Əfqanıstanla bağlı “B” PLANI: ABŞ-a ittiham, Rusiya hələ tələsmir

Kabilin Taliban tərəfindən ələ keçirilməsi Əfqanıstanda müəyyən razılıq əsasında hakimiyyətin ötürülməsi deyil, ABŞ-ın Əfqanıstandakı uğursuzluğunun nəticəsidir.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidentinin xüsusi nümayəndəsi, XİN-in İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov deyib.

HTML tutorial

“Hesab edirəm ki, belə uydurmaların müəllifləri amerikalıların Əfqanıstandakı uğursuzluğuna hansısa formada haqq qazandırmağa və baş verənləri planlaşdırılmış aksiya kimi qələmə verməyə çalışanlardır”, – deyə Kabulov Əfqanıstanda hakimiyyət dəyişikliyinin müəyyən razılaşmaların nəticəsi olması barədə iddialara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın Əfqanıstanla bağlı “B” planı var, ancaq indi “A” planı üzrə iş aparılır:

“Bizim həm beynimizdə, həm də ürəyimizdə Əfqanıstanla bağlı “B” planı var, ancaq biz heç vaxt bir tərəfdən o biri tərəfə atılmağa tələsmirik, əgər sizin terminologiyadan istifadə etsək, hazırda “A” planı üzrə işləyirik”.

Xatırladaq ki, avqustun 15-də “Taliban” üzvləri Əfqanıstanın paytaxtı Kabili döyüşsüz ələ keçirib. Prezident Əşrəf Qani ölkəni tərk etmək məcburiyyətində qalıb.