Əfsuslar olsun ki, heç bir nəticəsi olmadı- İlham Əliyev

“Əfsuslar olsun ki, onların heç bir nəticəsi olmamışdır. Belə olan halda Türkiyə və Azərbaycan qərara gəldilər ki, biz özümüz yeni bir layihəni irəli sürək və bunun adını da biz birlikdə qoyduq”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Əskişəhər şəhərində TANAP – Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimdə Prezident İlham Əliyev bildirib.

“Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılmış və bir çox tədbirlər keçirilmişdir. Ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmamışdır. Belə olan halda Türkiyə və Azərbaycan qərara gəldilər ki, biz özümüz yeni bir layihəni irəli sürək və bunun adını da biz birlikdə qoyduq – TANAP. TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Rəcəb Tayyib Ərdoğan və mən imzaladıq. O gün həmin imzalanma mərasimində biz bugünkü günü görmək arzumuzu ifadə etdik və Allah bizə bunu nəsib etdi. Biz bu illər ərzində böyük işlər gördük. TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi iki həftə bundan öncə – mayın 29-da Bakıda təşkil edilmişdir. Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. “Şahdəniz-2” qaz yatağının işlənilməsi, – o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, – Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın.

“Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Cənub Qaz Dəhlizinin önəmi məhz bundadır – enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. “Cənub Qaz Dəhlizi” həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir”, – İlham Əliyev qeyd edib.

Gununsesi.info

 

COMMENTS