Əhaliyə keyfiyyətsiz eynəklərlə bağlı — XƏBƏRDARLIQ

  • By admin
  • 13 İyun 2017 14:00

1366792804_2013-gunes-gozlugu-modelleri-aynali-gunes-gozlugu-modelleri2

İnsan orqanizminin ən zərif orqanı olan gözün mühafizəsi üçün istifadə edilən eynəklər hazırda ölkənin əksər ticarət obyektlərində, eləcə də pərakəndə və səyyar şəkildə satılmaqdadır.

İqtisadiyyat Nazirliyi əhaliyə əhaliyə tövsiyyə edir ki, eynək seçərkən mütləq diqqətli olsunlar.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, eynəklərin keyfiyyətinə görə seçmək lazımdır. Satıcılar tərəfindən aldanıldıqda isə dərhal İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermək lazımdır.

Eynək həvəsində olan alıcıların əksəriyyəti harada satılmasından asılı olmayaraq öz zövqlərinə uyğun seçim edir və onları alırlar. İstehlakçıların yalnız xarici görünüşünə və ucuz qiymətinə üstünlük verərək seçib aldığı bu eynəklərin keyfiyyəti, yaratdığı fəsadlarla bağlı məlumatları isə kifayət qədər məhduddur.

Məlum olduğu kimi eynək çərçivəyə salınmış, insanın gözlərinin qarşısında saxladığı bir vasitədir. Onlar iki növ materialdan plastik və şüşədən hazırlanır. Şüşənin də öz növləri vardır ki, bunlara adi, xamelyon və s. misal göstərə bilərik. Plastik materialdan olan eynəklər yüngül və rahat olmasına baxmayaraq tez sınıb çatlayır. Ona görə də şüşədən hazırlanan eynəklər daha keyfiyyətli hesab olunur.

Eynəklərin istifadə məqsədi müxtəlifdir. Ondan görmə pozğunluğunu aradan qaldırmaq, gözlərin daha yaxşı görməsini təmin etmək, xarici təsirlərdən müdafiə etmək, elektromaqnit şüalanmalardan qorunmaq və ya sadəcə aksessuar məqsədilə istifadə olunur. Eynəklərin optik, gün, yüksək müdafiəli və s. kimi təyinatları vardır. Şüşə, polikarbonat plastikdən və akril plastikdən düzəldilən eynəklər ən təhlükəsiz və istifadə üçün yararlıdır. Mövsümü olaraq daha çöx istifadə olunan gün eynəkləri isə əsasən ultrabənövşəyi şüaları udan хüsusi materialdan hazırlanmalıdır. Lakin satışda olan eynəklərin bir qismi plasmasdan, adi tünd şüşədən hazırlanır ki, bu materiallar günəş şualarını udmaq qabiliyyətinə malik deyillər və insan sağlamlığı üçün təhlükəlidir.

Yaхşı olar ki, eynək alarkən mütəхəssislərlə məsləhətləşin. Bilin ki, keyfiyyətsiz eynək göz хəstəliklərinə səbəb ola bilər. Belə ki, bu eynəklər gözün billuruna pis təsir edir, gələcəkdə kataraktanın yaranmasına səbəb olur, insan beynində yorğunluq yaradır, hətta şiş хəstəliyinin yaranmasına da yol açır. Eynək gözə düşməyəndə isə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü biruzə verir. Nəticədə gözə ağırlıq düşür. Eynəyin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıçıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz billuru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır. Ona görə də eynəklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir.

Eynək alarkən mütləq onun etiketinə diqqət yetirin. Nəzərə alın ki, gün eynəyinin etiketində ultrabənövşəyi şüaların hansı qisminin buraхılmaması göstərilir. Eynəyin təlimatında linzanın günəş şüalarını hansı dərəcədə – zəif, orta və ya güclü – udduğu da qeyd olunur. Həmçinin eynəyin sertifikatına nəzər salmaq kifayətdir ki, onun saхta olub-olmadığını müəyyən etmək olsun. Nəzərə alın ki, eynəklər gigiyenik sertifikatı olduğu halda satılmalıdır.

Eynək alarkən birinci növbədə onun rənginə və çəkisinə fikir verin. Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O həmçinin qoruyucu xüsusiyyətinə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və onlara istirahət verən olmalıdır. Eynəyin şüşəsi cızıldığı zaman, o, öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultra-bənovşəyi şüalar gözə təsir edir. Buna görə eynək alarkən buna diqqət edin və cızılmış eynəkdən istifadə etməyin.

Eynəyin keyfiyyəli olub-olmamasını müəyyən etmək xeyli çətindir. Amma qeyd olunanlarla yanaşı bəzi xüsusiyyətlərinə görə bunu təyin edə bilərsiniz. Məsələn, qəhvə rəngli eynək geymisinizsə, əgər eynək keyfiyyəlidirsə, onda siz ətrafda olan əşyaları öz rənglərində görəcəksiniz. Amma əgər eynək keyfiyyətsizdirsə, onda siz ətrafda olan əşyaları qəhvəyi rəngdə görəcəksiniz. Sağlamlığınızın qayğısına qalmaq istəyirsinizsə eynək alarkən qeyd olunan məsələlərə diqqət edin.

Gununsesi.info