
Deputat Razi Nurullayev Azərbaycanda pandemiya dövründə yazılan cərimələrin ləğvini təklif edib. Bildirib ki, bu məsələ parlamentin komitələri tərəfindən müzakirə olunaraq plenar iclasa çıxarılmalıdır.
Gununsesi.info xəbər verir ki, əvvəllər bu təkliflərə qarşı belə iddia var idi ki, cərimələr ləğv olunsa, əhalidə arxayınlıq yaranar, yoluxma artar. Amma artıq bu təhlükə yoxdur. Yeri gəlmişkən, qonşu Gürcüstanda pandemiya cərimələri hökumətin təqdimatı ilə parlament tərəfindən çoxdan ləğv edilib. Bu həm də inflyasiya dönəmində əhaliyə yaxşı bir jest olardı. Belə bir təklif parlamentə gələrsə, qəbul olunacaqmı?
Yeri gəlmişkən, aprelin 15-dən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testini təqdim etmək tələbi ləğv olunub. Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən, ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmayacaq.
Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.
Azər Badamov: “Bununla bağlı təklif parlamentin gündəliyinə daxil olarsa, dəstəkləyəcəyik”
Mövzu ilə bağlı deputat Azər Badamov “Yeni Müsavat”a fikrini belə şərh edib: “Pandemiya ilə əlaqədar tətbiq olunmuş cərimələrin ləğvi ilə bağlı qanun layihəsi parlamentin gündəliyinə daxil olarsa təbii ki, dəstəkləyəcəyik. Çünki hər bir cərimə insanların birbaşa ailə büdcəsinə mənfi təsir göstərir. Əgər bu cərimələr ləğv olunarsa, cərimələrə məruz qalmış insanlar müəyyən inzibati məsuliyyətdən azad olunar. Amma biz bir şeyi də yaddan çıxarmamalıyıq ki, pandemiya ilə bağlı tətbiq olunmuş normalar insanların sağlamlıqlarının qorunmasına və pandemiya ilə uğurla mübarizə aparılmasına hesablanıb. Cərimələrin tətbiqi isə dövlət büdcəsinə pul yığmaq üçün deyil, insanların pandemiyanın tələblərinə yanaşmasında məsuliyyətin artırılmasına yönəlib. Məhz ciddi tələblər tətbiq olunaraq icra etdiyimizə görə bu gün ölkəmizdə koronavirus xəstəliyindən əziyyət çəkənlərin sayı kəskin azalıb. Həm də yaddan çıxarmamalıyıq ki, pandemiya bitməyib və hər zaman yenidən artma təhlükəsi mövcuddur. Ona görə də hesab edirəm ki, indidən cərimələri ləğv etsək, insanların pandemiyanın tələblərinə yanaşmasında məsuliyyətləri azalar. Ona görə də düşünürəm ki, belə bir qərar ancaq pandemiyanın bitməsini elan olunandan sonra qəbul oluna ola bilər”.
Musa Quliyev: “ÜST koronavirus pandemiyasının bitdiyini elan edərsə, onda bu məsələlərə baxmaq olar”