Hesablama Palatası “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin meliorasiya, mexaniki suvarma və qış otlaqların su təminatı sistemlərinin istismarı idarələrinin 1 yanvar 2015-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək fəaliyyətinin ekspert-analitik təhlilinin nəticələrini açıqlayıb.
Gununsesi.info-nun məlumatına görə, sənəddə qeyd edilir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Sabirabad, Mollakənd və Pirəzə mexaniki suvarma idarələrinin fəaliyyəti həmin rayonlarda fəaliyyət göstərən Sabirabad, Kürdəmir və Ağdaş suvarma sistemləri idarələrinin fəaliyyəti ilə paralellik təşkil etməklə büdcə vəsaitlərinin, xüsusilə idarəetmə xərclərinin artıq xərclənməsi ilə nəticələnir və Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Strukturunda dəyişikliklər edilməklə adları çəkilən 3 rayon (Sabirabad, Kürdəmir və Ağdaş) üzrə suvarma sistemləri idarələrinin mexaniki suvarma idarələri ilə birləşdirilməsi təklifini aktuallaşdırır.
Respublikanın digər rayonlarından fərqli olaraq yalnız Sabirabad, Ucar, Beyləqan və Ağcabədi rayonlarında Cəmiyyətin meliorasiya idarələri fəaliyyət göstərir ki, bu da büdcə xərclərinin optimallaşdırılması məqsədilə strukturun təkmilləşdirilməsini şərtləndirir. Cəmiyyətin meliorasiya, mexaniki suvarma və qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri tərəfindən 2015-2016-cı illərin büdcə vəsaitinə proqnozlar təxmini hesablamalar əsasında əvvəlki ilin faktiki və cari ilin gözlənilən icrası və real tələbatı nəzərə alınmadan hesablanıb, bir çox müvafiq idarələr üzrə proqnozlaşdırılmış və gözlənilən xərcdən artıq qalan vəsait büdcə ili ərzində, xüsusilə ilin son aylarında Cəmiyyət tərəfindən dürüstləşdirmə verilərək digər idarələr üzrə proqnozlaşdırılıb və icra edilib. Dövlət büdcəsinin funksional təsnifatının “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsinin “Kənd təsərrüfatı” köməkçi bölməsinin “Meliorasiya” paraqrafı üzrə artıq proqnozlaşdırılmaya görə qənaət prinsipinə əməl edilməyib. Dövlət büdcəsinin funksional təsnifatının “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsinin “Kənd təsərrüfatı” köməkçi bölməsinin “Meliorasiya” paraqrafı üzrə büdcə layihəsində xərclər icmal formada təqdim edildiyindən həmin xərclərin əsaslılığına və real tələbata uyğunluğuna rəy bildirmək çətinlik yaradır. Bu baxımdan, büdcə qanunvericiliyinə əlavələr və dəyişikliklər edilməklə bu formada icmal xərclərin açıqlanmasına və əsaslandırılmasına dair geniş məlumatların və konkret hesablamaların büdcə zərfi ilə birlikdə təqdim edilməsini təklif edilir.
Sudan İstifadəedənlər Birliklərinin (SİB) suvarma suyunun satışı üzrə itkisinin Mollakənd, Ağdam, Sabirabad və Pirəzə mexaniki suvarma idarələri tərəfindən üzərinə götürülməsi müvafiq həcmdə suyun dəyərinin hesablanıb alınmaması ilə nəticələnib. Belə hallar Cəmiyyətin müvafiq qurumları üzrə büdcədənkənar daxilolmaların proqnozunun real mənbədən aşağı səviyyədə nəzərdə tutulması müvafiq qurumlar tərəfindən icra prosesində bu proqnozu əsas götürməklə büdcədənkənar daxilolmaların azalmasına səbəb olmaqla Cəmiyyət üzrə büdcədənkənar vəsaitlərin potensialının mövcud olduğunu göstərir və tabeli idarələrdə xüsusi vəsaitlər üzrə proqnozların və icranın əhəmiyyətli dərəcədə artırılmasını, suvarma suyunun uçotunun və yığımının təkmilləşdirilməsini, Cəmiyyətin tabeli idarələri ilə müvafiq SİB-lər arasında münasibətlərə yenidən baxılmasını, enerji sektorunda olduğu kimi hər il Azərbaycanda Su balansının hazırlanaraq təsdiq edilməsini zəruri edir.
Sənəddə bildirilir ki, SİB-lərin kənd təsərrüfatı məhsulları istehsalçılarına satdığı suvarma suyunun orta illik satış tarifi mexaniki suvarma idarələrindən suyun alış qiymətindən dəfələrlə yüksək olmaqla orta hesabla 1000 m3 üçün 0,80-2,47 manat arasında dəyişib. SİB-lər tərəfindən suvarma suyunun qiymətinin müəyyənləşdirilməsinə dair konkret nəzarət mexanizmi və vahid yanaşma müəyyən edilmədiyindən SİBlərin qiymət müəyyənləşdirilməsi bir çox hallarda əsaslı olmayıb. “Meliorasiya və irriqasiya haqqında” qanunun tələblərinə görə SİB-lərin fəaliyyətinə nəzarət Cəmiyyətə həvalə olunsa da, bu nəzarət Cəmiyyətin İdarə Aparatında 3 nəfərdən ibarət sektor vasitəsilə yalnız müəyyən hesabat formalarının ümumiləşdirilməsi ilə kifayətlənib. SİB-lərin fəaliyyətində bir sıra çatışmazlıqlar, xüsusilə suvarma suyunun uçotunun dəqiq aparılmaması, istifadəsində olan təsərrüfatlararası və təsərrüfatdaxili suvarma və drenaj kanallarının əsaslı və cari təmirinə vəsait yönəldilməməsi, qeyri-kommersiya qurumunun xüsusi forması kimi SİB-lərin maddi-texniki bazasının zəif olduğu, suvarma xidmət haqqının yığım mexanizmində problemlərin mövcudluğu, uçot-hesabat işlərinin düzgün təşkil edilməməsi, onların davamlı fəaliyyəti üçün “Meliorasiya və irriqasiya haqqında” qanunda nəzərdə tutulmuş ehtiyat fondlarının yaradılmaması və s. mövcuddur. Xüsusilə SİB-lərin SXH-nın yığım mexanizmindəki çatışmazlıqlar rəsmiləşdirilən yığım səviyyəsinin az olmasına səbəb olmuşdur. Qeyd edilən çatışmazlıqlar respublikamızda SİB-lərin fəaliyyətində dönüş yaradılmasını və nəzarətin təkmilləşdirilməsini zəruri edir. Mollakənd mexaniki suvarma idarəsi üzrə Cəmiyyət tərəfindən təsdiq edilmiş digər ştat vahidləri hesabına 3 vahid artıq “Nasos stansiya maşinisti” saxlanılıb. Ştat vahidlərinin müəyyən edilməsi sahəsində vahid yanaşmanın mövcud olmaması bəzi hallarda büdcə vəsaitinə qənaət edilməməsi ilə nəticələnir. Bu baxımdan, Cəmiyyətin mexaniki suvarma idarələri üzrə ştat vahidlərinə görə funksiyalar nəzərə alınmaqla normativlərin hazırlanması məqsədəuyğun hesab edilib.
Gununsesi.info