Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Bakıda keçirilən “Media savadlılığı” konfransında çıxış edib.
Gununsesi.info xəbər verir ki, Əhməd İsmayılov çıxışında ölkəmizdə media sahəsində həyata keçirilən islahatlardan danışıb.
Onun sözlərinə görə, bu islahatlar həm peşəkar medianın fəaliyyətinin dəstəklənməsi, həm də ölkədə sağlam informasiya mühitinin formalaşdırılması yönəlmiş tədbirləri ehtiva edir:
“Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə müvafiq sahələrdə həyata keçirilən islahatlar nəticəsində son illərdə ölkədə informasiya-kommunikasiya texnologiyaları sektorunun sürətlə və dinamik şəkildə inkişaf etməsi ilə birlikdə Azərbaycan Respublikasının ümumdünya elektron informasiya məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, bu da öz növbəsində media məkanının müxtəlifləşməsi nəticəsində məlumat istehsalı və istehlakı ilə bağlı bir sıra yeni anlayışları gündəmə gətirmişdir.
Qeyd etmək lazımdır ki, informasiya axınının durmadan artdığı müasir dövrdə cəmiyyətdə informasiyanın etibarlılığını müəyyən etmək üçün düzgün bacarıqların inkişaf etdirilməsi həm milli media məkanının inkişafı, həm də ölkə üzrə uzunmüddətli sosial-mədəni inkişafın təşviq edilməsi üçün başlıca amillərdəndir.
Şübhəsiz ki, müşahidə ediən informasiya bolluğu, cəmiyyətin məlumatın obyektiv tərəfini müəyyənləşdirməkdə çətinliklərlə qarşılaşması, media savadlı istehlakçıların yetişdirilməsinə zərurət yaratmaqla yanaşı, medianın öz peşəkar funksiyasını effektiv yerinə yetirməsi istiqamətində ardıcıl və təxirəsalınmaz addımların atılmasını tələb edir.
Buna görə də, media savadlılığının artırılmasının məqsədi məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasını, ölkə üzrə media savadlılığı göstəricilərinin yüksək səviyyəyə çatdırılmasını, eləcə də sağlam media mühitinin inkişafını və cəmiyyətdə məlumat təhlükəsizliyini təmin etməkdir.
Sürətlə qloballaşan və interaktivliyin çox olduğu dünyada media təhsili düzgün cavablara malik olmaqla yanaşı, düzgün suallar verməklə də bağlıdır. Hazırkı dövrdə bir çox ölkələrdə media və informasiya savadlılığı təməl insan hüquqları və dayanıqlı inkişaf anlayışları ilə demək olar ki, eyniləşdirilir.
Qeyd edilənləri nəzərə alaraq, 21-ci əsrdə media savadlılığının həyati bacarıq kimi qiymətləndirilməsi təəccüblü deyildir. Bununla bağlı olaraq, ilk dəfə 2022-ci ildə qüvvəyə minən “Media haqqında” Azərbaycan Respublikası Qanununda media savadlılığına anlayış verilmiş, media savadlılığının artırılması məqsədilə dövlət tədbirlərinin keçirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə həvalə edilmişdir.
Medianın İnkişafı Agentliyi tərəfindən cəmiyyətdə media savadlılığı bacarıqlarının artırılması üçün beynəlxalq təcrübə araşdırılaraq hədəf qruplara istiqamətlənmiş vahid strategiya, yerli proqram hazırlanmışdır. Müvafiq istiqamətdə 2022-ci ildən etibarən Agentlik tərəfindən müxtəlif səviyyələrdə maarifləndirmə, əlaqələndirmə tədbirləri təşkil edilir, inkişaf proqramları hazırlanır.
Qeyd etmək lazımdır ki, cari müddətə qədər Azərbaycanın bir çox bölgəsində gənclər üçün media savadlılığı mövzusunda maarifləndirici təlimlər keçirilib və bu təlimlərdə 300-dən çox gənc iştirak edib. Əlavə olaraq, Agentlik tərəfindən media nümayəndələri və təhsil işçiləri, eyni zamanda digər dövlət qurum və orqanlarının əməkdaşları üçün Avropadan media savadlılığı üzrə ixtisaslaşmış ekspertlər və dövlət rəsmiləri tərəfindən mütəmadi seminarlar təşkil edilir.
Xatırladaq ki, təxminən 1 il öncə ilk dəfə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi tərəfindən 2022-ci il 9 dekabr tarixində müxtəlif panel sessiyalar, praktik təlim və TEDx formatında görüşün keçirildiyi “Media Savadlılığı” Konfransı təşkil edilmişdi. Bu gün isə bu tədbir daha böyük formada “Media Savadlılığı Həftəsi” çərçivəsində təşkil olunur.
Həftə çərçivəsində media kampaniyalarının aparılması, 500 nəfərə yaxın Azərbaycan gəncinin əhatə olunduğu “Media Savadlılığı” Konfransının keçirilməsi, bu sahədə ilk əhatəli rəqəmsal resurs rolunu oynayacaq “Media savadlılığı” onlayn platformasının təqdim olunması, media savadlılığı ilə bağlı uğurlu beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə görüşlərin, həmçinin bilik və bacarıqların artırılmasına yönəlmiş inkişaf proqramlarının təşkili planlaşdırılır.
Əziz gənclər, Rəqəmsal əsrdə cəmiyyətin media və informasiya haqqında tənqidi düşünmək üçün lazımi bacarıqları mənimsəməsini təmin etmək, şübhəsiz ki, dövrümüzün prioritetlərindən biridir. Hazırkı qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi xüsusilə gəncləri medianın mənfi təsirlərinin birbaşa hədəfi halına gətirir.
Gənclərin özlərinin də fərqində olmadan saxta məlumat və faktların, mülahizələrin istehsalçısına çevrilməsi, məlumat axınının məqsədli şəkildə yanlış tərzdə interpretasiya olunması, dezinformasiyanın yaradılması və yayılması media savadlı istehlakçıların yetişdirilməsinə zərurət yaradır.
Günümüzdə, media savadlılığı yüksək gənclərin olması, cəmiyyətin dayanıqlı inkişafını gecikdirən yalan və çaşdırıcı məlumatlarla mübarizə aparılmasında vacib rol oynayır.
İnanırıq ki, qeyd edilən həftə ənənəvi hal alacaq, həmçinin cəmiyyətin media savadlılığı ilə bağlı fərqindəliyinin artması, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı müsbət nəticələr əldə olunacaq.
Media savadlılığının həm insanları yeni media mühitinin təhlükələrindən qoruması həm də peşəkar medianı təşviq etməsi bu sahənin önəm və mahiyyətini bir daha vurğulayır”.
Şəbnəm Rəhimova
Gununsesi.info