Əjdər Olun romanı Türkiyədə də çap olundu

Tanınmış Azərbaycan şairi, yazıçı Əjdər Olun “Lo” romanı Almaniyadan sonra Türkiyədə də nəşr olunub.

Türkiyədə “Qan işığı” adıyla çapdan çıxan kitab İstanbul Türk Ədəbiyyatı Vəkfinin “Turay” yayın evində işıq üzü görüb. Kitabı türk dilinə tanınmış şair, yazıçı İmdat Avşar tərcümə edib.

HTML tutorial

İmdat Avşarın kitaba yazdığı ön sözdə bildirildiyi kimi, Azərbaycanın son qırx illik tarixindən bəhs edən “Qan işığı” romanında müəllif tariximizin olduqca ağrılı və qarışıq bir mərhələsini anladır. Bu roman yazıçı təxəyyülünün uydurması yox, tarixi hadisələrin, əsl gerçəklərin öz əksini tapdığı dolğun bir əsərdir. Əsər, əsasən 1988-1993-cü illəri əhatə edir. Bir-birini izləyən olaylarda öz adı ilə iştirak edən qəhrəmanlar milli azadlıq hərəkatının, dövlət müstəqilliyi uğrunda mübarizənin, Birinci Qarabağ müharibəsinin fəal iştirakçılarıdır. Hadisələrin şahidi olan müəllif insanların taleyini dəyişən, az qala, hər bir vətəndaşın evinin içərisinə qədər gəlib çıxan qanlı-qadalı hadisələri geniş panoramda təsvir edir, oxucuda tarixin əhəmiyyətli bir mərhələsi haqqında dolğun təsəvvür yaratmağa çalışır.

Qeyd edək ki, Əjdər Olun “Lo” romanı ilk dəfə Azərbaycanda 2019-cu ilin noyabrında “Qanun” nəşriyyatında çap olunub.

Gununsesi.info