Azərbaycanda daha çevik idarəetmə institutu formalaşdırmaq üçün bir-birini təkrarlayan nazirliklər, dövlət komitələri, universitetlər və digər dövlət qurumları ixtisar olunaraq birləşdirilməlidir.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Fazil Mustafa Azərbaycan Prezidentinin Nəqliyyat Nazirliyinin ləğv olunaraq, Rabitə və Yüksək Texnologiyalr Nazirliyi ilə birləşməsi ilə bağlı imzaladığı sərəncamı şərh edərkən deyib.
Onun sözlərinə görə, əgər ölkədə qənatə rejiminə keçmək və çevik idarəetmə mexanizmi yaratmaq istəyiriksə, o zaman ilk növbədə bu islahatlar dövlət strukturlarından başlamalıdır:
“Bu islahatların aparılması vacibdir. Bir-birini təkrarlayan və oxşar qurumlar, nazirliklər, dövlət komitələri, hətta, universitetlərin birləşməlidir. Paralel qurumların birləşməsinin faydası ola bilər. Ümid edirik ki, ölkə başçısının bugünkü məlum sərəncamı da idarəetmədə irəliləyişlərə səbəb olacaq”.
Ziya Məmmədovun “vurulması” ilə bağlı fikirlərə gəldikdə isə millət vəkili deyib ki, bu ölkə Prezidentinin səlahiyyətində olan məsələdir. “Prezident kimi istəyər vəzifədən çıxarar, kimi istəyər təyin edər. Kadrların uğurlu olması hamımızın istəyidir. İstəyimiz odur ki, idarəetmədə irəliləyişlər olsun. Ona görə də bu məsələdə fikir söyləmədkə çətinlik çəkirəm”-deyə, millət vəkili vurğulayıb.
İslahatların davamlı olmasına gəldikdə isə F.Mustafanın fikrincə, əgər proses başlayıbsa, bu, gələcəkdə də davam edəcək:
“Hansı nazirliklər və komitələr birləşəcək, deyə bilmərəm. Burada fikir söyləmək istiqamətləndirici rol oynaya bilər.
Məndən olarsa, ölkədə daha effektli idarəetmə sistemi yaratmaq məqəsdi ilə əksər nazirliklər, komitələr, universitetlər birləşməlidir. Mənim fikrim burada hansısa təsiredici rola malik olmadığından, konkret olaraq hansı qurumların birləşməsi haqqında nəsə deməyi xoşlamıram. Sturktur islahatları prezidentin səlahiyyətinə aid olan məsələ olduğundan fikir söyləmək çətindir”.
Mürtəza
Gununsesi.info