Ələt-Astara magistralının Lənkəran rayonunun Liman şəhərindən keçən hissəsində nəqliyyatın hərəkəti bərpa olunub.
Gununsesi.info məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) və digər dövlət qurumlarının hadisə yerinə cəlb olunmuş əməkdaşları, yanğınsöndürənlər yanacaq daşıyan avtomobilin aşması nəticəsində yola dağılmış yanacağı təmizləyiblər.
Yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Qeyd edək ki, bu gün saat 11.00 radələrində Ələt-Astara magistralının Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran rayon sakini, 1979-cu il təvəllüdlü Ravil Baxışovun idarə etdiyi “Ford” markalı, 10 SH 159 dövlət nömrə nişanlı avtomobillə Cəlilabad rayon sakini, 1966-cı il təvəllüdlü Tərlan İslamovun idarə etdiyi ZİL markalı yanacaq daşıyan maşınla toqquşub.
Güclü zərbədən ZİL markalı maşın aşıb, yanacaq yola dağılıb.
Gununsesi.info
Qəza nəticəsində “Ford”un xəsarət almış sürücüsü Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. ZİL-in sürücüsü isə yüngül xəsarət alıb.