Əlbir olub bir ayı bir köpəklə: Kreml erməni separatçıları “status”la qısqırdır

Ermənistan artıq xeyli müddətdir ki, siyasi arenada qucaqdan-qucağa gəzməkdə davam edir. Şəraitdən, məqsəd və məramdan asılı olaraq bu, gah Avropa, gah İran, gah Rusiya, gah da ABŞ olur. Ermənistanın kimə meyil etməsindən asılı olmayaraq dəyişməyən isə yalnız bir ali həqiqət olur ki, o da bu dövlətin heç bir halda suveren olmadığı, müstəqil siyasət yürütmədiyi, hətta yürütmək iqtidarında olmamasıdır.

Təbii ki, Ermənistan kimi manipulyasiya, riyakarlıq və saxtalaşdırma sahəsində ixtisaslaşmış “bacarıqlı” bir əlaltını itirməmək üçün də geosiyasi müstəvidə bəzi addımlara mütləq rast gəlirik.

Məsələn, Rusiya dövləti Nikol Paşinyan hakimiyyətinin bütün vurnuxması və xəyanətlərinə baxmayaraq, bu ölkədəki maraqlarını və ermənilərin yuxarıda sadalanan cəhətlərini yaxşı bildiyinə görə bu ölkədəki maraqlarında təkid etməyə davam edir. Yəni bütün hallarda Ermənistan böyük dövlətlərin maraqlarında heç də “qara qaşına, gözünə” görə yer almır. Sadəcə, bu cür əlaltı və asılı “dövlət”i idarə etməyin cəlbediciliyi müəyyən məqamlarda İrəvanın özünü nəhənglərin aynasında görməsinə zəmin yaradır. Bu ali həqiqət hər birimizin ağlının bir kənarında yer etsin…

İndi isə keçək Rusiyanın bu istiqamətdə yol verdiyi son nöqsana (oxu – təxribat)… Rusiyanın Ermənistanı əlində saxlamaq oyununun səhnələşdirilən son pərdəsində İrəvandakı səfir Sergey Kopırkin ön plana çıxıb.

Rusiyalı səfir bu gün keçirilən brifinqdə çıxış edərək olduqca qalmaqallı açıqlamaya imza atıb.

“Rusiya hesab edir ki, Qarabağın statusu məsələsi gələcək nəsillərin öhdəsinə buraxılmalıdır”.

Təkcə bu cümlə Ermənistandakı səfirin məqsədini, açıqlamanın mahiyyətini bütünlükdə ortaya qoymağa qadirdir. “Rusiya hesab edir” əsrlərin formalaşdırdığı imperiya maraqlarının müasir təzahür formalarından biridir. “Qarabağın statusu məsələsi” özünün ən “bacarıqlı” əlaltısına edilmiş jest, onu növbəti onilliklər ərzində öz “çətiri altında saxlamaq” əzminin nümayişidir. “Gələcək nəsillərin öhdəsinə buraxılmalıdır” isə ümumilikdə Cənubi Qafqaz regionuna təsir imkanlarını genişləndirmək, hətta mümkün dərəcədə bu təsiri uzunmüddətli hala çevirmək planlarının göstəricisidir.

Bir cümlədəki üç birləşmənin təhlili onu göstərir ki, Rusiya imperiya maraqlarından çıxış etməklə, barmağını bala batırıb Ermənistanı şirnikləndirməklə Cənubi Qafqazla bağlı uzunmüddətli planlarını təlqin etməyə cəhd göstərir.

Rusiyanın Ermənistan havasını hər gün ciyərlərinə çəkən səfiri öz düşüncələrində erməni faşizmi elementlərinin formalaşdığını belə, hiss etmir. Hansı ki, həmin xislət qana susamış iyrənc bir varlığın bəşəriyyətə açdığı savaşı simvolizə edir. Məsələnin gələcək nəsillərə ötürülməsi isə yalnız həmin o varlığın, yəni 44 günlük müharibədə darmadağın edilmiş, hazırda isə revanşist hisslərin əsirinə çevrilmiş ermənilərin dəyirmanına su tökür.

Üstəlik, Rusiya səfiri çıxışında bəh-bəhlə başda Prezident Vladimir Putin olmaqla, ölkə rəhbərliyinin də bu cür düşüncədə olduğunu vurğulamaqla, bir növ özünün cılız kimliyini sözügedən fonda qüvvətləndirməyə, cəfəng sözlərinə ciddi don geyindirməyə çalışır.

Bu mənada Rusiya səfirinə və dilə gətirdiyi düşüncənin bütün daşıyıcılarına ötən gün Soçidəki “Rus” sanatoriyasının mərkəzi atriumunda səsləndirilən bir cümləni xatırlatmaq yerinə düşər:

“Qarabağ münaqişəsi tarixdir və bu kontekstdə müzakirə olunacaq heç nə yoxdur”.

Bu sözlər Azərbaycan lideri, Ali Baş Komandan, Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşdə, üzbəüz səsləndirdiyi fikirlərdir.

İndi isə Rusiya səfirinin nümunəsində olduğu kimi, Prezident İlham Əliyevin də sözlərini təhlil edək və yekun nəticəni görək.

“Qarabağ münaqişəsi tarixdir” – 44 günlük müharibə regionda yeni reallıqlar yaradıb. Cənubi Qafqazın qanayan yarası Qarabağ münaqişəsi tarixə çevrilib. Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında xalqının birliyi və şəhidlərinin qanı hesabına bərpa edib.

“Bu kontekstdə müzakirə olunacaq heç nə yoxdur” – Azərbaycan dövləti özü və bütövlükdə region üçün dinc inkişaf dövrünün təməlini qoyub. Erməni revanşistlərin və regiondakı destruktiv qüvvələrin işinə yarayacaq, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaq, vaxt udmaq üçün istifadə edə biləcəyi heç bir yanaşma və mövqe rəsmi Bakı tərəfindən qəbul edilmir. Azərbaycanın ərazi bütövlüyü heç bir halda danışıqlar masasında müzakirə mövzusu ola bilməz.

Bu isə o deməkdir ki, Rusiya səfirinin verdiyi açıqlama mahiyyətcə sərsəm bəyanatdan başqa bir şey deyil. Öz suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələlərdə yeganə söz sahibi Azərbaycandır.

Sergey Kopırkinə xatırlatmaq lazımdır ki, hazırda Avropanın göbəyində işğalçı müharibə aparan “gələcək nəsillər”in qeydinə başqa istiqamətdə qalmalıdır. Çünki Rusiyanın “status” eşqini cuşa gətirəcək kifayət qədər mübahisəli məsələ – problemləri mövcuddur və diqqəti bu istiqamətə yönəltmək daha məqsədəuyğundur.

Azərbaycan dövləti öz ərazisində gələcək nəsillərin xoşbəxt və firavan yaşamasının əsas qarantıdır və artıq həllini tapmış məsələlərin yenidən gündəmə gətirilməsi cəhdlərinə qətiyyətlə yol verməyəcək.

Sonda bir daha yuxarıda qeyd olunan ali həqiqəti yadımıza salaq. Ermənistan, ötən gün Soçidə bütün dünyanın gördüyü kimi (Vladimir Putin və Nikol Paşinyanın eyni çətir altında göründüyü simvolik foto), Rusiyanın çətiri altında mövcudluğunu davam etdirə, Kreml isə bu fonda arabir onun qarşısına yağlı sümük ata bilər, ancaq nəhənglər aynasının qarşısından çəkilib özü ilə tək qaldıqda Ermənistanın cılız mövcudluğu revanşizmin hökm sürdüyü bir şəraitdə daim sual altında qalacaq. Ermənistandan fərqli olaraq isə Azərbaycan müstəqil siyasətini, qonşularla mehriban yaşamaq və dinc inkişaf mövqeyini hər zaman qoruyacaq və haqq sözünü daim üzbəüz deyəcək!

Gununsesi.info