Qarabağdan qovulmuş qondarma “Artsax” separatçılarının keçmiş komandanı, general-leytenant Cəlal Arutyunyan məhkəməyə çıxarılır.
Gununsesi.info “Hraparak”a istinadən xəbər verir ki, Cəlal Arutyunyanla bağlı cinayət işinə Sisian məhkəməsində hakim Qarik Abelyanın sədrliyilə baxılacaq.
İlk iclas yanvarın 25-də keçiriləcək. Məlumata görə, məhkəmə iclasına ev dustaqlığında olan Cəlal Arutyunyanın özü də gələcək.
Xatırladaq ki, Cəlal Arutyunyan 44 günlük müharibə günlərində, xüsusilə oktyabrın 12-də ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan xidməti vəzifələrə vicdansız və səhlənkar münasibətdə ittiham olunur.
Arutyunyan ittihamı qəbul etmir, vəkili Arsen Sardaryan cinayət təqibinin dayandırılması barədə vəsatət verib. “General açıq-aşkar başqa şəxslərin ixtiyarında olan belə bir əməldə ittiham olunur. Həmin şəxslər diviziyanın mühafizəsini və müdafiəsini lazımınca təşkil etməyən ayrı-ayrı batareyaların rəhbərləridir”, – Sərdaryan bildirib.
Cəlal Arutyunyana qarşı 44 günlük müharibə zamanı Qarabağın cənub istiqamətində əks-hücum həyata keçirdiyinə görə başqa cinayət işi başlanmışdı. Vəkilin sözlərinə görə, bu epizodda Cəlal Arutyunyanın təqsirsizliyi sübuta yetirilib, ona qarşı cinayət təqibi dayandırılıb.
Gununsesi.info