Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14 B, mənzil 43 –də yaşayan, Qarabağ müharibəsi əlili İsayev Namik Xudaverdi oğlu ölkədəki ədalətsizlikdən şikayətçidir.
Üzləşdiyi problemə görə bütün dövlət orqanlarından tutmuş, məhkəmələrə qədər getsə də ədaləti tapa bilməyən vətəndaş sonradan çıxış yolu kimi ölkə başçısına müraciəti görüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə surətləri Prezident Adminstrasiyasına, İnsan Hüquqları Üzrə Müvəkkilə, Milli Məclisə, Baş prokuror Kamran Əliyevə, DTX rəisi Əli Nağıyevə, Təhsil Naziri Emin Əmrullayevə və Bakı şəhər prokuroru İlqar Abbasova ünvanlanan şikayəti Gununsesi.info olaraq biz də təqdim edirik:
Hörmətli cənab prezident,
Aylardır etdiyim müraciətlərim heç bir dövlət orqanı tərəfindən araşdırılmır, Qarabağ qazisi olaraq şikayətlərimə baxılmır və Azərbaycan Respublikasının Baş Prokurorluğu, Bakı şəhəri Nərimanov Rayon Prokurorluğu məni yalnız süründürür. Hər dəfə vətəndaşların etdiyi müraciətləri araşdırılaraq, onlara lazımı qiymət verilməsini tələb etsəniz də, yuxarıda adını sadaladığım dövlət orqanalarının səlahiyyətli şəxsləri yalnız özbaşınalıqla, süni süründürməçiliklə məşğuldurlar. Xahiş edirəm ərizəm axıra qədər oxunulsun və nəticəsi barədə mənə məlumat verilsin. Bu günədək etdiyim müraciətlərim yuxarıda adını çəkdiyim heç bir dövlət orqanı tərəfindən araşdırılmır və müraciət müəllifinə lazımı məlumat verilmir.
Hörmətli cənab prezident,
Mən İsayev Namik Xudaverdi oğlu əslən Lerik rayonundanam 1993-1995-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişəm, əlimdən, ayağımdan aldığım güllə yaralarına görə Qarabağ müharibəsi əliliyəm. Sizin göstərişiniz əsasında Qarabağ müharibəsinin əlilləri üçün Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində tikilmiş binada ailə üzvlərimlə birlikdə məskunlaşmışam. Ailələyəm, iki övladım var idi.
Bu ərizəmi yazmaqla bildirmək istəyirəm ki, 2020-ci ilin may ayından qızım İsayeva Naidə Namik qızının müxtəlif sosial şəbəkələrdə dərs keçdiyi vaxtı çəkilmiş fotoşəkilləri, işlətdiyi telefon nömrələri paylaşılmış, bayağı musiqi altında “Tik-Tok” sosial şəbəkəsində video görüntüsü, “İnstaqram” sosial şəbəkəsində foto görüntüləri, “Loto” oyununda isə müxtəlif əxlaqsız sözlərdən istifadə edərək qızımı şantaj edərək biabır etmişlər. Həmin məlumatlarda 2015-ci ildə həyat yoldaşımın istifadəsində olmuş telefon nömrəsi, oğlumun telefon nömrələri də paylaşılmışdır. İnstaqram profilləri məlum olmuş və İsayeva Naidə Namik qızı tərəfindən dəfələrlə Bakı şəhər Baş Polis İdarəsinə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə, Suraxanı rayon polis İdarəsinə müraciətlər olunmuş, lakin müraciətlər araşdırılmamış və ümumiyyətlə ərizəni heç araşdırmadılar.
Qızım İsayeva Naidə Namik qızı 2009-cu ildə Bakı Humanitar Kollecin ibtidai sinif müəllimliyi ixtisasına qəbul və kolleci 2013-cü ildə bitirib. İlk öncə müqavilə əsasında 92 saylı orta məktəbdə təxminən 6 ay işləyib, daha sonra isə 2018-ci ildə Xəzər rayonu 121 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi işə qəbul edilib və orada işləyib. Onun heç kimlə hər hansı problemi, dava-dalaşı, mübahisəsi olmamışdır. Oxuduğu təhsil müəssisəsi, işlədiyi təhsil müəssisələrində onun sakit təbiətli, başıaşağı, namuslu bir qız olması barədə hər dəfə məlumat verilir. Lakin qızımın kimin tərəfindən belə bir şəkil və videoların yayımlanması illər öncə işlətdiyimiz telefon nömrələrinin sosial şəbəkələrdə bizə məlum olmayan şəxs və ya şəxslər tərəfindən paylanması, qızımın hədələnməsi, şantaj edilməsi bizi məcbur etdi ki, hüquq mühafizə orqanlarına müraciət edək. Göründüyü kimi hüquq mühafizə orqanları heç bir araşdırma aparmadı. Qızım İsayeva Naidə Namik qızı artıq müvafiq dövlət orqanları tərəfindən araşdırmanın aparılmamasından, işinə lazımı qaydada baxılmamasından, onun biabır edən şəxsin isə davamlı olaraq təhqiramiz hərəkətlərindən, bezərək 16.09.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Aşıq Molla Cümə küçəsi 19B ünvanında yerləşən binanın -16-cı mərtəbəsinə qalxıb və özünü oradan ataraq intihar etmişdir. Həmin faktla bağlı Bakı şəhəri Nərimanov rayon prokurorluğunda işə başlanılmış, lakin bu günədək qızımın intihar etməsinə səbəb olmuş şəxs tapılmamışdır. Həmin şəxsin istifadə etdiyi hesablar istintaqa təqdim olunmuşdur. Cinayət işinin araşdırılmasını aparan Bakı şəhəri Nərimanov rayon prokurorluğu Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin işlək maddə olmamasını, qanunda boşluğun olmasını, intiharla bağlı məhkəməyə iş verilmədiyini və işin yekununda xitam olacağını öncədən məlumatını bizə artıq veriblər. Lakin aylar əvvəl bizə mütləq bu işin araşdırılacağını bildirsələr də, indi də məsuliyyəti Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin üstünə atırlar. Mənim müraciət etmədiyim orqan qalmayıb. Oğlumla birlikdə dəfələrlə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda olmuşam. Nəhayət Bakı şəhəri Nərimanov rayon prokuroru bizə səbrli olmağı tövsiyyə etdi. Artıq istinataqı oğlumla birlikdə özüm həyata keçirmək qərarına gəlmişəm. Şübhəli olduğum şəxslər barəsində məlumat versəm də, hər dəfə Fəhmin Həsənov müxtəlif bəhanələr gətirərək istintaqın araşdırılmasını həyata keçirməsini ləngidir. Yeni məlumatın olub olmamasını maraqlanan kimi Azərbaycan Respublikası Dövlət Təhklükəsizlik Xidmətinin əməliyyat axtarışı həyata keçirən şəxslərin əməliyyatı həyata keçirmədiklərini bildirir. Ora gedib araşdırılmanın niyə ləngidilməsini soruşduqda bizi futbol topu kimi prokurorluq orqanına göndərirlər. Qarabağ qazisi kimi canında keçməyə razı olmuş bir şəxsi dövlət məmurları nə qədər süründürəcək. Vaxtında araşdırma aparılmadğından qızım intihar etdi və onun arxasınca mən də artıq bu araşdırılmanın aparılmamasına görə Azərbaycan Respublikası Baş Prokurorluğunun Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin və Bakı şəhər Nərimanov Rayon Prokurorluğunun cinayət işini lazımı qaydada araşdırıb nəticəyə gələ bilmədiklərindən şikayətçiyəm. Artıq bir vətəndaş kimi bütün hüquqularım pozulur. Nə qədər mən prokurorluq orqanının qabağında göz yaşı tökəcəm? Niyə bu məsələlərə cənab Kamran Əliyev göz yumur?
Niyə, ölkənin pedaqoqunun özünü öldürməsinə Təhsil Naziri əhəmiyyət vermir? Artıq mən də bu orqanların məsuliyyətsizliyindən üzərimə benzin tökərək özümü yandırmaq qərarına gəlmişəm. Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun özbaşınalıqları mənə bunu vadar edir. Qızımla bir məktəbdə çalışan müəllimə yoldaşları həmin vaxtda onun Emin adlı sevgilisinin olduğunu və Eminə görə göz yaşı tökdüyünü eyni zmanada ölümün məhz Emin adlı şəxsə görə də baş verə biləcəyi ehtimallarını irəli sürdülər. Telefon danışıqları götürülənədək yas mərasiminə gələn müəllimələrdən biri qızımın ona Eminin onu atdığını və Eminin onu yandırıb yaxdığını, ölümündən bir gün əvvəl Eminlə danışaraq ağladığını və ondan sonra isə intihar etməmişdən əvvəl Eminə dəfələrlə zəng edərək intihar edəcəyini bildirməsi də faktiki olaraq sübut olunub. Amma Emin adlı şəxsin qardaşının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini əməkdaşı olduğundan onun bu cinayətdən əlaqələndirilməməsi üçün o, barədə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun prokuroru Fəhmin Həsənovun verə biləcəyi cavabları vardır. Ən dolğun cavab isə budur ki, gedin mənə etiraz edin başqa müstəntiq baxsın…. Aylardır apardığı bizi süründürdüyü işi bu minvalla üzərindən atmaq istəyir.
Hörmətli cənab preziden, ümidim Sizədir!
Dövlət o zaman sarsılar ki, günahkar cəzasız qala!
Mən Qarabağ müharibəsində canımı qoymuşam, dövlətin uğrunda döyüşmüşəm. Uğrunda canımı verdiyim dövlətdən və onun məmurlarından xahiş edirəm qızımın ölümünə səbəb olan hal tam araşdırılsın. Sübutlara doğru qiymət verilsin. Qanunpozuntusuna yol verən məmurlara qarşı tədbir görülsün. Mənim artıq bir çıxış yolum qılıb, bu işi araşdırmayan hüquq-mühafizə orqanlarındakı məmurlarının özbaşınalığından bezərək üzərimə benzin tökərək ölkə ictimaiyyəti qarşısında özümü yandıram”.
İmza:
Qarabağ Müharibəsi Əlili İsayev Namik Xudaverdi oğlu