Əli İnsanovdan qızıl külçələrlə bağlı

Əli İnsanov

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ildə həbs edilərkən müsadirə edilmiş mülklərinin və 40 kq həcmində qızıl külçələrinin ona qaytarılacağı ilə bağlı məlumatlara münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, partiyanın feysbuk səhifəsində yerləşdirilmiş açıqlamada məlumatlar qarayaxma adlandırılıb:

“Sabiq səhiyyə naziri Əli İnsanovun Xızı rayonunda Qızılqazma deyilən yerdə vaxtilə sahəsi 42 kvadrat metr olan taxta evciyi olub. O vaxtlar belə evciklər hazır vəziyyətdə qurulub satılırdı. Həmin evciyin əlavə torpaq sahəsi olmayıb. Maraqlananlar gedib baxa bilərlər.

Əli İnsanov həbsdə olarkən məhkəmə iclaslarında bir neçə dəfə vəsatətlə çıxış edərək guya axtarış zamanı onun evindən götürülmüş qızıl külçələrin məhkəmə iclasına gətirilib nümayiş etdirilməsini xahiş edib. Əli İnsanovun bu vəsatətlərinə cavab olaraq məhkəmə sədri açıq iclasda bəyan edib ki, istintaq və məhkəmə sənədlərində qızıl külçələr barədə heç bir sənəd və məlumat olmadığına görə bu barədə vəsatət vermək lazımsızdır. Yalan və böhtan xarakterli yayılan məlumatın müəllifləri və sifarişçiləri Əli İnsanovun məhkəmə sənədlərini, çıxarışları tələb edə bilərlər”.

Qeyd edək ki, MTN generalı Akif Çovdarov 5 illik məhbəs həyatından sonra bu yaxınlarda 30 milyonluq əmlakını geri qaytarmağa nail olub.

Gununsesi.info