Şuşanın işğalçılardan azad olunması münasibəti ilə AXCP sədri Əli Kərimli xalqımızı, ordumuzu və Ali Baş Komandan İlham Əliyevi təbrik edib.
Gununsesi.info-nun xəbərinə görə, Əli Kərimli, bildirirb ki, bir siyasətçi olaraq fəaliyyətim boyu Azərbaycan xalqının hüquq və azadlığı ən başlıca amal olub:
“Şəxsən mənim üçün bir siyasətçi olaraq bütün fəaliyyətim boyu Azərbaycan xalqının hüquq və azadlıqları, Qarabağ torpaqlarının azadlıqları, ən başlıca amal olub. Təqribən 30 il bundan öncə tələbə ikən əlimə silah götürüb Laçının, Qubadlının sərhəd kəndlərinin müdafiəsinə yollananda da başqa bir amalım yox idi. Ondan sonrakı siyasi fəaliyyətimdə də hər zaman həqiqətləri söylədim, bəzən acı oldu, bəzən şirin oldu, amma mən həqiqətdən, ədalətdən yana oldum hər zaman. İndi də özümə vəzifə bilirəm ki, o həqiqətləri bu gündə söyləməkdə davam edim. Bəli, son bir ayda İlham Əliyeva beynəlxalq güclər tərəfindən böyük basqılar var idi ki, ordumuzun bu zəfər yürüşü durdurulsun. Başqa cür ordumuzu durdura bilmirdilər. Ona görə hər tərəfdən böyük basqılar vardı. Mən iki dəfə müraciət etdim. Dedim ki, xalqımıza, xalqımızın birliyinə, müxalifətin bu birlikdə təmənnasız iştirakına güvənərək, arxalanaraq bütün bu xarici təzyiqləri dəf etmək lazımdır. Və bu gün çox şadam, çox məmnunam ki, İlham Əliyev xalqımıza güvənərək axıra qədər getdi və Azərbaycan Ordusu şanlı bayrağımızı Şuşadan asdı. Bu böyük bir qələbədir və bu böyük qələbə münasibəti ilə mən Ali Baş Komandan olaraq İlham Əliyevi də təbrik edirəm”.
Gununsesi.info