Əlil insanların arenalara rahat giriş-çıxışının təmin olunmasına diqqət yetirilir - “Bakı-2017” Əməliyyat Komitəsi

  • By admin
  • 09 May 2017 09:10

islamiada

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi yarışlar zamanı əlilliyi olan insanların idman obyektlərinə rahat giriş-çıxışının təmin edilməsi məqsədilə tədbirlər görür.

Əməliyyat Komitəsindən Gununsesi.info-ya bildiriblər ki, sağlamlıq imkanları məhdud insanların yarışları rahat izləmələri üçün “Bakı-2017” sərnişinlərin nəqliyyatdan düşürülmələri üçün nəzərdə tutulan konkret zonalardan başlamış mobilliyin artırılmasına dəstək istiqamətində xüsusi təlim keçmiş komandalaradək hər bir məsələdə müvafiq beynəlxalq standartlara cavab verəcək.

Hər kəs üçün bərabər imkanların yaradılması və hamıya bərabər istifadə hüququnun verilməsi məqsədilə “Bakı-2017” fiziki imkanları məhdud tamaşaçılar və onların yoldaşları üçün bütün idman sessiyalarına pulsuz biletlər təqdim edir.

Açılış və bağlanış mərasimlərinin məhdud imkanlı tamaşaçılar üçün nəzərdə tutulan biletləri mayın 1-dən etibarən satış məntəqələrinə çıxarılıb. Onları Bakıda yerləşən bütün bilet satışı məntəqələrindən əldə etmək mümkündür. Bilet alışı zamanı məhdud imkanlı olduğunu bildirən tamaşaçılar əlilliyi olan şəxslər üçün ayrılmış oturacaq sahəsi və ya əlil arabaları üçün ayrılmış zona ilə təmin ediləcəklər.

Bilet satışı üzrə direktor Miryam Boqatay bildirib ki, fiziki imkanları məhdud tamaşaçıların biletlərə tələbatını nəzərə alaraq, obyektlərimizin bütün tamaşaçılar üçün tamamilə əlçatan olmasını təmin etmək naminə səylə çalışmışıq. Bunun nəticəsi olaraq, “Bakı-2015” ilk Avropa Oyunları ilə müqayisədə sözügedən biletlərin paylanmasında nəzərəçarpacaq dərəcədə artımın müşahidə edilməsi bizi son dərəcə məmnun edir.

Əlil arabasından istifadə edən tamaşaçıların açılış və bağlanış mərasimlərində Bakı Olimpiya Stadionuna gəlib çatmasını təmin etmək üçün metronun “Qara Qarayev”, “Gənclik” və “20 Yanvar” stansiyalarında ekspress avtobuslar xidmət göstərəcək. Mərasim bitdikdən sonra tamaşaçılar həmin marşrut xətti üzrə ekspress avtobuslarla geri qayıda bilərlər.

Əlil arabaları ilə yarışlara gələn tamaşaçılar mərasim biletlərini təqdim etməklə nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.

Ekspress avtobuslar tamaşaçıları açılış mərasiminə çatdırmaq üçün saat 18:00-dan 21:00-dək və mərasim bitdikdən sonra gecə saat 02:00-dək fəaliyyət göstərəcək. Tamaşaçılar üçün qapılar saat 18:30-da açılacaq. Açılış mərasiminə saat 21:00-da start veriləcək.

Avtobuslar bağlanış mərasimi günü saat 17:00-dan 20:00-dək və mərasim bitəndən sonra gecə saat 02:00-dək fəaliyyət göstərəcək. Tamaşaçılar üçün qapılar saat 17:30-da açılacaq, bağlanış mərasiminə saat 20:00-da start veriləcək.

Əməliyyat Komitəsi Bakı Olimpiya Stadionunun ərazisinə daxil olarkən şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir. Stadionun daxilində və ya ətrafında tamaşaçıların istifadəsi üçün parklama sahələri nəzərdə tutulmayacaq, taksilərin arenaya yaxınlaşmasına icazə verilməyəcək. Atatürk prospektində dayanacaq sahələri metronun “Gənclik” stansiyasındakı ən yaxın avtobus xəttindən istifadə etmək istəyən əlil arabalı tamaşaçılar üçün nəzərə tutulacaq. Əlil arabalı tamaşaçılar parklama sahələrindən istifadə edə bilmək üçün mərasim biletlərini təqdim etməli olacaqlar.

Gununsesi.info