Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə (MM) təhsil haqlarını ödəməkdə çətinlik çəkən gənclərin, iş tapa bilməyən əlillərin və autizmli xəstələrin problemlərini qaldırıb.
Gununsesi.info-nun məlumatına görə, millət vəkili yaz sessiyasının gündəliyinin müzakirəsi zamanı gənclərin çağırışını səsləndirib və MM-i “Təhsil kreditləri haqqında” qanunun qəbuluna çağırıb.
“Təhsil kreditlərinin məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır”- deyən Q.Paşayeva bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını bildirirlər:
“Amma təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə yüksək səviyyədə öz həllini taparsa, həmin gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar. Ucuz faizlərlə uzun müddətə kredit alaraq təhsilini başa vurub çalışmağa başladığında qaytarmağa başlayarlar və bu, təhsilin də, elmin də inkişafına özünün ciddi müsbət töhfələrini verə bilər.
Kəndlərdən, rayonlardan nə qədər kasıb, imkansız ailələrin istedadlı uşaqları var. Biz kənd rayonlarını təmsil edən millət vəkilləri çox yaxşı bilirik onların problemlərini. Yataqxanaların sayı az olduğundan ali məktəblərə daxil olmuş gənclərin xeyli hissəsi kirayələrdə qalaraq oxumalıdır. Kasıb, gəlirləri aşağı ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər və bəzi gənclər bu səbəbdən ali təhsildən imtina edilər ki, bu bizi ciddi narahat etməlidir. Biz kasıb, gəlirləri aşağı olan ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə daha çox dəstək göstərməliyik.
Çünki bəzi ailələr övladları orta məktəbdə nə qədər yaxşı oxusalar da, bu qədər çətinliyi görüb övladlarına ali təhsil verməkdən vaz keçirlər və bu cür insanların sayının artması bizi ciddi narahat etməlidir və təhsil kreditlərinin yüksək səviyyədə öz həllini tapması da bu cür ailələrin sayının artmamasına kömək edə bilər. Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilək. Mən təklif edirəm ki, bununla bağlı qanun layihəsi müzakirəyə çıxarılsın”.
Boloniya prosesinə qoşulan ölkələrdə təhsil kreditlərinin geniş yayıldığını deyən Q.Paşayeva bildirib ki, bir müddət əvvəl hazırlanan qanun layihəsi müzakirələrə çıxarıla bilər və bu müzakirələr çox vacibdir.
“İmkanları aşağı, amma istedadlı gənclərin təhsil ala bilməsi üçün onlara dəstək daha da artmalıdır”- deyən millət vəkili sonra bildirib ki, özəlliklə maddi imkanları zəif ailələrin istedadlı övladlarının maddi imkanlar üzündən ali təhsildən uzaqlaşmaması üçün bu istiqamətdə davamlı addımların atılması vacibdir.
O, yaz sessiyası dövründə bu məsələnin diqqətdə olmasına çağırıb.
Millət vəkili “Məşğulluq haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi təklifi ilə də çıxış edib.
Deputat bildirib ki, dövlət və özəl müəssisələrdə əlillərin işlə təmin olunması üçün ayrılan kvotanın artmasına böyük ehtiyac var.
Parlamentdə əlillərin işlə təminatındakı problemlərdən danışan Q.Paşayeva qanunvericiliyi yerinə yetirməyərək əlilləri işə götürməyən müəssisə, qurum və şirkətlərə qarşı cəza tədbirlərinin sərtləşdirilməsi məsələsini də qaldırıb.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info