Əlilliyi olan şəxslər 14,5 mindən çox protez-ortopedik vasitə ilə təmin edilib

  • By admin
  • 06 İyul 2017 11:24

04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin ilk yarımilində əlilliyi olan şəxsləri 14,5 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, cari ilin 6 ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin 14 506 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.

Belə ki, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərə 214 ədəd əlil arabası, 581 ədəd aşağı və yuxarı ətraf protezi, 897 ədəd aşağı və yuxarı ətraf ortezi, 295 ədəd bel və boyun nahiyəsi üçün korset, 259 ədəd dördayaqlı dayaq vasitəsi, 610 cüt dirsəkaltı ağac, 755 ədəd əsa verilib. Həmçinin onlara 1 234 cüt protez ayaqqabı, 2 283 cüt ortopedik ayaqqabı, 386 cüt qoltuqaltı ağac, 47 ədəd eşitmə aparatı, müxtəlif növlərdə 4 662 reabilitasiya vasitəsi və s. təqdim edilib. Əlilliyi olan şəxslərə məxsus 383 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir olunaraq yenidən onların istifadəsinə verilib.

Ümumilikdə qeyd olunan dövrdə 4 787 nəfər əlilliyi olan şəxs, o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 644 nəfər vətəndaş protez-ortopedik bərpa xidmətləri ilə təmin olunub.

Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində isə 286 nəfər müvafiq şəxsə reabilitasiya yönümlü xidmətlər göstərilib.

Anar

Gununsesi.info