Əlimərdan bəy Topçubaşov -126 - BABA ALLAHNƏZƏROV YAZIR

  • By admin
  • 04 May 2022 10:56
Onu nə ondan sonrakı Xarici işlər Nazirləri ilə və nə də bu günkü Xarici işlər Naziri ilə müqayisə etmək fikrim yoxdur.
Bu gülüş doğurar və həm də ağılsızlıq olardı. Sadəcə olaraq demək istəyirəm ki, bu gün Azərbaycan Cümhuriyyətinin qurucularından biri, azərbaycançılıq məfkurəsinin yaranmasında və inkişafında əvəzsiz rol oynayan istiqlal elçimiz Əlimərdan bəy Topçubaşovun doğum günüdür.
O, Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir .
Əlimərdan bəy Azərbaycan xalqının milli şüurunun oyanmasında, müstəqillik uğrunda mübarizədə, dövlətçilik məfkurəsinin formalaşmasında, AXC-nin  yaranması, onun möhkəmləndirilməsi proseslərində və Rusiyanın Azərbaycana təcavüzü, müstəqilliyin itirilməsindən sonra mühacirətdən bu işğala qarşı ömrü boyu apardığı mücadilə Ə.Topçubaşovun adını azərbaycançılıq məfkurəsinin öncüllərindən biri kimi dövlətçilik tarixinə həmişəlik əbədi olaraq yazan şəxsiyyətdir .
Əgər bu gün mövzu”Əlimərdan bəy Toçubaşov və Azərbaycan “kimi qoyularsa onda onun azərbaycançılıq məfkurəsindən danışmamaq mümükün deyil. Bəs nə idi onun bu məfkurəsu?!
Əlimərdan bəy Topçubaşovun azərbaycançılıq məfkurəsi -Xalqın maarifləndirilməsi və mədəniyyətin inkişafına nail olmaq, (yalnız bu yolla cəhalətə və fanatizmə qalib gəlmək olardı).
– Milli şüurun oyanışı və xalqın haqq və hüquqlarının dərkinə çalışmaq;
– Azadlığın, müstəqilliyin müstəmləkəçiliyə və milli ədavət siyasətinə qalib gəlməyin yollarını müəyyənləşdirmək;
– İslam bayrağı altında ümumrusiya ərazisində milli azadlıq ideyalarını mübarizəyə yönəltmək;
– Türk xalqlarının birliyi ideyasını (vahid dil, mənəviyyat ümumiliyi, vahid milli ideologiya) gələcək qalibiyyətin əsas simvolu kimi qəbul etməkdən ibarətdir.
Deyirlər ki, müstəqilliyi əldə etmək və yaxud elan etmək asan, onu qəbul etdirmək, qoruyub saxlamaq isə çətindir. Bu mənada Şərqdə ilk demokratik cumhuriyyət olan Azərbaycan Cumhuriyyətinin elan edilməsi Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Mustafa Mahmudov, Həmid bəy Şahtaxtinski və digərlərinin adı ilə bağlıdırsa, qazanılmış müstəqilliyin dünyaya  tanıdılması birmənalı olaraq Azərbaycan xalqının böyük oğlu, əslən İrəvan əsilzadələrindən olan Əlimərdan bəy Topçubaşovun adı ilə bağlıdır.
Əlbəttə ki, Azərbaycan Respublikasının dünyanın böyük dövlətləri tərəfindən tanınması Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi idi. Və çətin və gərgin əməyin nəticəsində əldə edilmiş qələbə münasibətilə Ə.Topçubaşov o vaxt Parisdən Azərbaycan Respublikasının baş naziri Nəsib bəy Yusifbəyova yazırdı: “Siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur… bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik… Ona görə də belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa olsun müstəqillik əldə edəcəyimizə inanırdıq… Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq”
Onun dövlətimizin “Azərbaycan “adlanmasında və qorunmasında xidmətləri isə əvəzsizdir.
Elə orada Parisdə Azərbaycanın müstəqilliyini gözü götürməyən İranın şovinist səfiri, dövlətin «Azərbaycan» adlandırılmasının, bu adla gələcəkdə «nələrə nail olmaq» istəyinin xofunu gizlədə bilmir. Buna bənzər vəziyyətlə 1919-cu ilin yanvarın 9-da İranın xarici işlər naziri Məmalik Əli Qulu xan ilə dialoqu zamanı Ə.Topçubaşov azərbaycançılıq mövqeyini müstəqil dövlət məmuru kimi verdiyi tutarlı cavablarda təsdiq edir. Müstəqilliyimizə şübhə ilə yanaşıb, hətta «Muxtariyyatınızı saxlamaqla İran dövlətinin himayəsində olmaqla xarici dövlətlərdən qoruna biləcəyimizi» təklif edən xarici işlər nazirinin öz dövlətinin məramını çatdırması Topçubaşovun tutarlı cavabları ilə susdurulur. Bu mənada O, qeyd edirdi ki, müstəqilliyin əsas başlıca şərti ölkənin ərazi bütövlüyünün qorunması və tarixdə xalqın və dövlətin iradəli duruşunu sübut etməkdir.
Əlimərdan bəy Topçubaşov Cavad xanın qohumlarından biri olub.. Həmçinin böyük maarifçi Həsən bəy Zərdabinin kürəkəni idi. Köklü nəslə malik olan və ömrünün sonuna kimi mühacirətdə qalan Əlimərdan bəy 1934-cü il noyabr ayının 4-dən 5-nə keçən gecə saat 12:00 -də keçirdiyi ağır iflic nəticəsində vəfat edib Və . Paris yaxınlığındakı Sen-Klo məzarlığında dəfn olunur .
Müstəqilliyimizin banisi olan M.Ə.Rəsulzadə isə kədərli həssaslıqla onun məzarı başında çıxışında deyirdi:
Xanımlar, bəylər!
Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə halallaşırıq.
Heyhat! Azərbaycan parlamentinin şanlı rəisini, Nümayəndə Heyətinin sayğılı başçısını müsafiri olduğumuz Fransa torpağına əmanət buraxırıq.
Parlamento rəisi, Nümayəndə Heyətinin başçısı, Milli Mərkəz üzvü və sairə kimi mərhumun daşıdığı ünvanları zikr etməklə Əli Mərdan bəy adının mənasını tamamilə anlatmaq, mövzunu bütün şümülü ilə qavramaq qətiyyən mümkün deyildir.
Yetmiş beşi haqlayan yaşının heç olmasa əllisini, mərhum durmadan, yorulmadan camaat işinə və millət yoluna vermişdir. Əlli il ömür; yarım əsrlik həyat! Qoca bir dövr!…
Bəli, Əli Mərdan bəyin geçinməsi ilə biz, milli həyatımızda başlı-başına bir dövrü təmsil edən mühüm şəxsiyyətdən ayrılırıq; çünki, Topçubaşi Əlimərdan bəyin ismi müəyyən bir nəsli və müəyyən bir dövrü andırır.
Rusiyada ali təhsil görmüş, Türk və müsəlman ziyalısını barmaqla saymaq qəbul olduğu bir zamanda idi ki, Əli Mərdan bəy meydana çıxmışdı.
Əlimərdan bəy heç şübhəsiz, Mirzə Fətəli (Axundov-Z.M.), Həsən bəy (Zərdabi-Z.M.) və İsmayıl Mirzə (Qaspralı-Z.M.) kimi şəxslərin canlandırdıqları milli kültür hərəkatını qurtuluş yoluna çəkən böyük mücahidlərdəndir. Fəqət, Əlimərdan bəyi bu üç ustaddan, eləcə də müasiri olan bəzi ideya adamlarından fərqləndirən bir xüsusiyyət var idi. Əlimərdan bəy yürütdüyü siyasətin fikirçisi olmaqdan çox, işçisi idi. Onun bütün həyatı milli davanın vəkilliyi kimi məsuliyyətli işlərdə keçmişdi. Hətta mətbuatda çalışması da bir ideya, bir ideoloji propaqanda yapmaqdan ziyadə, müəyyən praktik məsələlərin gerçəkləşdirilməsindən ibarət olmuşdur.
Vaxt gələcək, ölkəmiz azad olacaq, parlamentinin ilk sədrinə minnətdarlıq hissi nümayiş etdirən xalqımız onun müstəqilliyi uğrunda yorulmadan döyüşən insanın adını yaddaşlara əbədi həkk edəcək.
…Çox çəkməz məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər…
Budur sənə söyləyəcəyim son söz! …
Sənə bizlərdən minlərlə rəhmət ! …
Sənə bizlərdən minlərlə hörmət!! …”
(Bax: M.Ə.Rəsulzadə “Əlimərdan bəy Topçubaşı” Azərbaycan dərgisi, 1 noyabr 1952).
Baba Allahnəzərov
Gununsesi.info