Əliyev Çavuşoğluna “bir çox sınaqlardan çıxmışıq” dedi

  • By admin
  • 15 İyul 2016 12:37

cavus

 

Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu yaxınlarda Varşavada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi ilə bağlı danışmaq fürsəti əldə etdiklərini məmnunluqla vurğulayan Azərbaycan prezidenti iki ölkə arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini deyib. O, Türkiyənin baş naziri Binəli Yıldırımın ilk xarici səfərini Azərbaycana etməsinin önəmini vurğulayıb. Birgə layihələrin vaxtında icra olunmasına toxunan dövlət başçısı Azərbaycan-Türkiyə birliyinin və dostluğunun getdikcə daha da möhkəmləndiyini və artıq bir çox sınaqlardan çıxdığını qeyd edərək bildirib ki, iki ölkə xalqları və digər ölkələr bu birliyin və qardaşlığın möhkəm və sarsılmaz olduğunu görürlər. Azərbaycan və Türkiyənin bundan sonra da bir-birinin yanında olacağını deyən prezident İlham Əliyev nazir Mövlud Çavuşoğlunun səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində növbəti addım olacağına əminliyini ifadə edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə prezident İlham Əliyevin NATO-nun Varşava zirvə toplantısında iştirakının və keçirdiyi görüşlərin önəmini vurğulayıb. O, Türkiyə ilə Rusiya arasında əlaqələrin düzəlməsində verdiyi güclü dəstəyə görə ölkəsi və xalqı adından prezident İlham Əliyevə minnətdarlığını bildirib. Nazir son vaxtlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımların yaxşı nəticələr verdiyini söyləyib və bu uğurların ölkəsində sevinclə qarşılandığını deyib. Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinin mükəmməl olduğunu vurğulayan M. Çavuşoğlu xüsusilə son bir ildə əlaqələrin daha sıx şəkildə inkişaf etdiyini diqqətə çatdırıb.

 

cavus1