
Xəbər verdiyimiz kimi Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Tofiq Hüseynov vəfat edib.
Mərhum bu gün günorta saatlarında öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında ata və anasının yanında dəfn olunub.
Aktyorun həyat yoldaşı Rəsmiyyə Hüseynova Gununsesi.org-a bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar olaraq dəfn mərasimində yalnız mərhumun ailə üzvləri iştirak edib: “Amma gün ərzində mütəmadi telefonla edilən başsağlığı zəngləri Tofiq Hüseynova göstərilən diqqət və qayğının göstəricisidir”.
Onun sözlərinə görə, əməkdar artist Tofiq Hüseynovun ölümü ilə bağlı Mədəniyyət Nazirliyi, AzərbaycanTeatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mərhumun ailəsinə başsağlığı verib.
Qeyd edək ki, Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Bir çox teatrların səhnəsində çalışıb, müxtəlif rollarda oynayıb.Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb.Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda özünəməxsus obrazlar canlandırıb.
Cəmilə Hətəmxanova
Gununsesi.org