
“Bu gün Azərbaycanın “Qarabağ” futbol klubu dünyanın məşhur idman komandaları ilə yarışır və gələcəkdə də yarışacaq. Bütün xarici kütləvi informasiya vasitələrinin xəbərlərində artıq Azərbaycanın “Qarabağ” klubu haqqında verilişlər gedir. “Qarabağ” futbol klubunun qələbəsi ölkəmizin təbliğində önəmli hadisədir”.
Gununsesi.info-nun xəbərinə görə, bunu bu gün “Qarabağ” futbol klubunun üzvlərini qəbul edən prezident İlham Əliyev deyib.
Prezident qeyd edib ki, bununla bütün dünya yenə də Qarabağın Azərbaycan torpağı olduğunu görür:
“Ağdam şəhərinin işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, bir daha göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Biz öz torpağımızda yaşayırıq və hamımız torpaqlarımızın işğaldan azad olunması arzusu ilə yaşayırıq. Hər bir qələbə və istənilən sahədə uğurumuz bu günü daha da yaxınlaşdırır. Ötən ilin aprel döyüşləri göstərdi ki, Azərbaycan istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Bu gün hərbi potensialımız bizə imkan verir ki, döyüş bölgəsində bütün vəziyyətə nəzarət edək və öz iradəmizi diktə edək. İdmanda da belədir. İdman sevincini idmançılar bizə bəxş edir. Bu tarixi qələbədir, tarixə yazılıb. Çox ədalətlidir ki, məhz “Qarabağ” klubu bu qələbə imza atdı. Əminəm ki, qrup mərhələsində də ölkəmizi uğurla təmsil edəcəksiniz”.
***
“Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl çıxış edərək qəbula və dəstəyə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Daha sonra “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov çıxış edib.
“Cənab Prezident, mən də Sizi bütün komandanın adından salamlayıram. Çox şadıq ki, bu komanda ilə, bu kollektivlə ikinci dəfə Sizin görüşünüzdə olduq, bizi buraya dəvət etdiniz.
Həqiqətən keçən ilin aprel döyüşlərindən sonra bu komandada əlavə bir ruh yarandı. Bizim bütün legionerlərimiz bir daha Qarabağı daha yaxından tanıdılar. Bu, həqiqətən futbolçular üçün böyük ruh yüksəkliyi oldu. Onlar bizim azərbaycanlıların, bizim dövlətimizin mərdliyini gördülər. Düşünürəm ki, bu, bizim builki uğurlarımızda çox böyük bir addım oldu. Bizim üzərimizə düşən budur. Əsgərlərimiz gedib cəbhədə bizi qoruyurlar. Bizim üzərimizə düşən vəzifə onlarınkından daha asandır. Biz də çalışırıq ki, öz vəzifəmizi ləyaqətlə yerinə yetirək.
Əlbəttə, qeyd etdiyiniz kimi, idmanın demək olar bütün növlərində bizim uğurlarımız var idi. Biz nə qədər desəydik ki, Avroliqada oynayırıq, bu, az idi. Amma Çempionlar Liqasının bu turniri çox böyük turnirdir. Dünyanın ən güclü komandaları bu turnirdə iştirak edirlər. Onların hər birinin Bakıya gəlmək şansı var. Mən çox şadam ki, Siz futbola, ümumiyyətlə, idmana bu cür dəstək göstərirsiniz. İstəyirsiniz ki, bizim futbolumuz daha da inkişaf etsin. O klubların buraya gəlməsinə və belə bir böyük turnirdə Azərbaycanın adının çəkilməsinə görə çox şadam. Azarkeşlərimiz, bütün qarabağlılar, köçkünlərimiz – dünən şəhərdə hər şey o dərəcədə idi ki, bu, bizim məsuliyyətimizi daha da artırdı. Düşünürəm ki, biz bundan sonra daha çox çalışmalıyıq, daha məsuliyyətli olmalıyıq. Biz bacardığımız qədər, hətta bacardığımızdan da artıq çalışacağıq ki, başda Siz olmaqla futbolumuz ildən-ilə daha da irəli getsin. Bir daha Sizə təşəkkür edirəm. Hər şeyə görə çox sağ olun”, – deyə Q. Qurbanov vurğulayıb.
“Qarabağ” komandasının kapitanı Rəşad Sadıqov da göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edib.
Sonra Tahir Gözəl “Qarabağ”ın üzərində Çempionlar Liqasının loqosu olan “10” nömrəli formasını və Çempionlar Liqasının imzalanmış topunu dövlət başçısına təqdim edib.
Gununsesi.info