Əmlak Komitəsi qanunsuz tikililərlə bağlı XƏBƏRDARLIQ ETDİ

  • By admin
  • 24 Avqust 2017 13:53

emlak-komitesi

Bir sıra hallarda torpaqlar fiziki və hüquqi şəxslərə istifadə və icarəyə verildikdə müvafiq qanunvericiliyin tələbləri pozulur. Başqa sözlə, Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi olmadan müvafiq icra hakimiyyəti orqanı tərəfindən fiziki və hüquqi şəxslərə istifadə və icarə məqsədilə torpaqlar ayrılır.

Gununsesi.info xəbər verir ki, bu haqda Əmlak Məsələləri Dövlət Komitəsi məlumat yayıb.

Məlumatda qeyd edilir ki,  Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamədə dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsi zamanı Komitənin rəyinin alınması qeyd edilib.

Eyni zamanda, Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin istifadəyə və ya  icarəyə verilməsi barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. “Torpaq icarəsi haqqında” Qanununun 9-cu maddəsinə görə isə yerquruluşu layihələri əsasında torpaq sahələrinin ayrılması nəzərdə tutulur. Torpaqla bağlı yerquruluşu işləri Komitənin müvafiq qurumları tərəfindən həyata keçirilir.

Məlumatda əlavə edilir ki, rəylərin verilməsində başlıca məqsəd isə torpağın təyinatından irəli gələn məsələlərin aydınlaşdırılması, torpaqların hansı kateqoriyaya aid olmasının araşdırılması, torpaqların mühafizə zolaqlarında yerləşib yerləşməməsininmüəyyənləşdirilməsidir.  Rəy verilərkən torpaqların yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları mühafizə zolaqlarında, magistral neft, qaz, su boru kəmərləri üzərində yerləşməsi aşkara çıxarılır. Bundan başqa rəylərin verilməsi torpağın şəhərsalma planlarına uyğun gəlib gəlməməsini  müəyyənləşdirir.

Qeyd edilməlidir ki, torpaq sahələrinin qanunvericiliyin tələbləri pozulmaqla, Komitənin rəyi olmadan verilməsi sonradan sənədləşmə prosesində çətinlik yaradır. Belə ki, vətəndaşlar bilməyərəkdən ayrılmaya dair rəy alınmayan torpaqlarda qanunsuz tikinti aparır. Daha sonra müvafiq qeydiyyat prosedurunu yerinə yetirəndə isə ilkin hüquqi sənədlərin çatışmazlığı problemi ilə üzləşir.

Həmçinin belə qaydada torpaq sahələrinin ayrılması ölkədə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə bağlı görülən işlərə ciddi maneələr yaradır.

Vətəndaşlar bilməlidirlər ki, Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi olmadan ayrılan torpaq sahələri qanunsuz hesab edilir və burada tikinti aparmaq qeyri-leqaldır. Qanunvericilik çərçivəsində ayrılan torpaq sahələrinə sonradan vətəndaş rahatlıqla mülkiyyət hüququ əldə edə bilər.

Vüsalə

Gununsesi.info