
Vergilər Nazirliyi əmlak üzrə vergilərin artırılıb-artırılmayacağına aydınlıq gətirib.
“Fiziki şəxslərin daşınmaz əmlaklarının kirayəyə verilməsi ilə bağlı əldə etdiyi gəlirlərdən verginin dərəcəsinin artırılacağı ilə bağlı xəbərlər əsassızdır”. Gununsesi.info-nun xəbərinə görə, bu haqda Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov bildirib.
Ş.Məmmədovun sözlərinə görə, son günlər bir sıra kütləvi informasiya vasitələrində Vergilər Nazirliyinin fiziki şəxslərin daşınmaz əmlaklarının kirayəyə verilməsi ilə bağlı əldə etdiyi gəlirlərdən verginin dərəcəsinin 14 faizdən 22 faizədək artırılması və bu sahədə vergi qanunvericiliyinə dəyişikliklər edilməsi məqsədilə guya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etdiyinə dair xəbərlər yayılır.
Vergilər Nazirliyinin sözcüsü bildirir ki, qüvvədə olan Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən Azərbaycan Respublikasında istifadə edilən daşınan və daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirlərdən 14 faiz dərəcə ilə vergi tutulur.
Nazirlik əmlakın kirayəyə və icarəyə verilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı vergi dərəcələrində hər hansı dəyişikliklərin edilməsi, o cümlədən mövcud dərəcənin 14 faizdən 22 faizə qaldırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etməyib və bu məsələ ümumiyyətlə rəsmi dövlət qurumları ilə müzakirə olunmayıb.
Leyla
Gununsesi.info