
“Məncə, ən ağır gənclik dövrü ötən əsrin 70-ci illərində doğulanların qismətinə düşüb”.
Gununsesi.info bildirir ki, bunu iqtisadçı ekspert Samir Əliyev yazıb.
Onun fikrincə, əvvəl doğulanların gəncliyi sovet dövründə qurulmuş sabit sistem dövrünə təsadüf edib: “Rahat tələbəçilik, dayanıqlı iş, orta yaşayış səviyyəsi. Sonrakı dövrlərdə doğulanların, xüsusən də 80-ci illərdə doğulanların uşaqlıq illəri çətin olsa da gənclik dövrü müstəqillik dövründə yaranmış yeni sistemə adaptasiya olunmuşdu. Sosial vəziyyət həsəd aparılası olmasa da xaricdə təhsil almaq və yeni dövrə uyğun ixtisasa yiyələnmə imkanları yüksək olub. Ancaq 70-ci illərin nəsli keçid dövrünün gəncləri oldular.
Onlar sovet dövrünün bilik və tərbiyəsini alsalar da məlum oldu ki, yiyələndiklərinin bir çoxuna yeni dövrdə ehtiyac yoxdur. Gənclik dövrləri qeyri-müəyyənliklərlə dolu olub, özlərinin strateji inkişafı ilə yox, mövcudluqlarını təmin emək üçün cari hədəflərlə məşğul olublar. Onlar üçün indiki kimi hazır mexanizmlər və ya qatar relsləri olmadı ki, hərəkət etsinlər. Bəlkə də bu, həm də onları üçün bir imkan oldu. İmkan ondan ibarətdir ki, onlar hazır çərçivələri, mexanizmləri yox, özlərinin qurduqları ilə hərəkət etdilər. Yaxşı gənclik görə bilməsələr də dayanıqlı orta yaş dövrlərini qura bildilər”.
Mətləb Yaqublu
Gununsesi.info