Bu gün sizə Azərbaycanda yaşasa da, amerikalı şagirdlərə xas olan bacarıq və vərdişləri özündə ehtiva edən bir yeniyetmədən söhbət açmaq istəyirəm. Adı Ayan, soyadı Abdulovadır. 2003-cü ildə Sumqayıtda dünyaya gəlib. Doğulduğu şəhərin Təbiət Elmləri Təmayüllü Gimnaziyasının onuncu sinfini təzə bitirib. Dərs əlaçısı olmaqla yanaşı, tənqidi və yaradıcı düşüncəyə malik insandır. Gələcəkdə İstanbul Universitetinin kampyuter elmləri fakultəsində bakalavr, Amerikada isə magistr dərəcələrinə yiyələnmək istəyir. Yaxın hədəfi isə bir illik “FLEX” proqramını qazanıb, orta təhsilini ABŞ-da yekunlaşdırmaqdır. Yaşının az olmasına baxmayaraq bir sıra uğurlara imza da atıb. Zarafat deyil, 2019-cu ilin iyun ayında Niderlandın Haaqa şəhərində keçirilən, Niderland kraliçasının, eləcə də ABŞ prezidentinin qızı İvanka Trampın açılış etdiyi “Qlobal Sahibkarlıq Sammiti”ndə “Ən gənc sahibkar” adına layiq görülüb və xarici medianın diqqətində olub. ABŞ, Çin və Niderlandın kütləvi informasiya vasitələrində onun haqqında məqalələr işıq üzü görüb…



