Ən çox ixrac olunan məhsulların siyahısı açıqlandı- İNFOQRAFİKA

Ən çox ixrac olunan məhsulların siyahısı açıqlandı

 

2018-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 241,7 milyon ABŞ dolları təşkil edib.

Gununsesi.info bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin  bu ilin birinci rübünə dair açıqlamasına istinad edir.

Mərkəzin məlumatına görə, 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar – fevral ayında qeyri-neft sektoru üzrə ixrac 37,4 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-fevral aylarında ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib. Belə ki, yanvar-fevral ayı ərzində Rusiyaya 67,8 milyon, Türkiyəyə 65,4 milyon, İsveçrəyə 25,6 milyon, Gürcüstana 17,4 milyon və Çinə 7,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin yanvar-fevral ayları ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl birinci yerdə qərarlaşıb (24,4 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri elektrik enerjisi (20,3 milyon ABŞ dolları), üçüncü yeri isə xurma (19 milyon ABŞ dolları) tutub.

Ümumiyyətlə isə yanvar-fevral ayları ərzində meyvə-tərəvəz ixracı 58,4 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 23,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 20,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 9,7 milyon, kimya sənayesi məhsullarının ixracı 6.6 milyon ABŞ dolları olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-fevral aylarında elektrik enerjisinin ixracı 5,9 dəfə, meyvə-tərəvəzin ixracı 50,9 faiz, pambıq ipliyi ixracı 43,4 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 14,8 faiz, kimya sənayesi məhsullarının ixracı 7,2 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin fevral ayında isə qeyri-neft sektoru üzrə ixrac 119 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin fevral ayında ən çox qeyri-neft sektoruna aid mal Türkiyəyə ixrac edilib(42,3 milyon ABŞ dolları).

Mərkəz eyni zamanda,  qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2018-ci ilin yanvar – fevral aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Aqrodoctor” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” MMC, “Qlaf Drillinq Saplay FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialı, “CTS-Agro” MMC, Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “Food export Şəmkir”, “İlham-M” MMC, “Sun Food” MMC təmsil olunub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə 8 şirkət təmsil olunur. Bu siyahıda adı olan və yanvar-fevral aylarında 100 min ABŞ dollarından çox ixrac əməliyyatı həyata keçirən şirkətlər aşağıdakılardır: ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Azərenerji” ASC, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərbaycan Hava Yolları” QSC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC.

Vüsalə

Gununsesi.info

COMMENTS