Ən çox subay vətəndaşı olan Avropa ölkəsi hansıdır?- ARAŞDIRMA

Ən çox subay vətəndaşı olan Avropa ölkəsi hansıdır?

Avropanın ən çox sayda subay vətəndaşına malik ölkəsində özünə yar tapa bilmək qəliz məsələdir.

İsveç Avropada subay sayına görə birinci yeri tutur. İsveçdəki evlərin yarıya qədərində subaylar yaşayır. Digər Avropa ölkələrində isə göstərici üçdə birə bərabərdir.

İsveçdə sanki insanı subaylığa təşviq edən bir mədəniyyət var.

Şəhərlər azad yaşamaq üçün tikilmiş kiçik evlərlə doludur. Buna baxmayaraq, böyük ev problemi olan paytaxt Stokholmda belə, tək həyat dünyanın ən mühüm mərkəzlərindən olan London və San Francisco-da tək yaşamaqdan ucuzdur.

Üç ildir İsveçdə işləyən 34 yaşlı braziliyalı Raquel Altoe bu qədər subay arasında yaşamaqdan gileylənir.

“İlk görüş adətən alınır, amma uzun müddətli bir münasibət qurmaq çox çətindir,” o deyir.

Yüksək həyat standartları, çevik iş mədəniyyəti və təbiətinə görə işləmək məqsədi ilə başqa ölkəyə köçən professional işçilər üçün İsveç cəlbedici bir ölkədir.

İsveçlilər eləcə də ikinci dil kimi ingiliscə ən yaxşı danışan bir xalq kimi tanınırlar.

 

Üç ildir İsveçdə işləyən 34 yaşlı braziliyalı Raquel Altoe bu qədər subay arasında yaşamaqdan gileylənir

2015-ci ilin statistikasına əsasən, İsveçə işləmək üçün gedən subayların yalnız dörddə biri beş il sonra, özünə həyat yoldaşı tapa bilib. Üstəlik cənub ölkələrindən və ya ABŞ-dan gedənlərin bir isveçli sevgili tapmaq şansının ailəvi və ya mühacir olaraq gedənlərdən daha az olduğu bildirilir.

İsveçdə işləyən 31 yaşlı ingilis Michael Olaye-yə görə, isveçlilər sərbəstliklərinə başqa xalqlardan daha çox düşkündürlər.

“Burada insanlar kimləsə ‘münasibətdə olduqlarını’ deməkdən xoşlanmırlar. Bu söz özündə böyük yük daşıyır. Vaxt keçirmək istəyən çox sayda gözəl qadınla tanış olmuşam, amma çox qısa müddətlik… Artıq daha mənalı bir münasibət axtrarıram.

Azad və yalnız

13 ildir İsveçdə yaşayan amerikalı psixoterapevt Dr. David Schultz deyir ki, bunu sadəcə isveçlilərin azadlıqlarına düşkün olmalarına bağlamaq yanlışlıq olar.

“Burada qaynayıb-qarışmaq ümumi problemdir. İsveçlilər ictimai yerlərdə, avtobusda, mağazada xaricilərlə danışmırlar.”

Schultz-a əsasən, “mədəniyyətləri səbəbi ilə isveçlilərin münasibətlər mövzusunda digər xalqlara nisbətən daha rahatdırlar.

“Kimləsə sevgili olub, eyni evdə yaşamamaq normal haldır. Evlilik bir o qədər də mühüm deyil. Evlənməyərək də uşaq sahibi ola bilərsiniz,” Schultz deyir.

Cəmiyyətdə cinsi bərabərlik xüsusi əhəmiyyət daşıyır və buna görə də qadınların iqtisadi baxımdan kişilərdən asılı olma ehtimalı da bir çox ölkələrə nisbətən aşağıdır.

Michael Olaye
İsveçdə işləyən 31 yaşlı ingilis Michael Olaye-yə görə, isveçlilər sərbəstliklərinə başqa xalqlardan daha çox düşkündürlər

Burada qadınların orta evlilik yaşı 33, kişilərdə isə 35.5-dir. ABŞ-da isə müvafiq olaraq 27 və 29. Uşaq baxımını dövlət yüksək şəkildə təmin edir.

Buna görə də analar partnyorlarının əlinə baxmaq məcburiyyətində qalmırlar. Avropa İttifaqında ən çox boşanma sayına da İsveç sahibdir.

İsveçdə işləyən bir çox xarici də bu ölkənin bərabərlik normalarından yararlanır.

36 yaşlı amerikalı Rachel Matchett Stokholma köçdükdən sonra, ərindən ayrılıb və oğlu ilə birlikdə tək yaşamağa maddi baxımdan gücü çatır.

“Bundan əvvəl yaşadığım ABŞ və ya Yaponiyada belə şey ola bilməzdi.”

Matchett, havayı uşaq baxımı imkanının tək yaşamaqda mühüm bir faktor olduğunu söyləyir.

İsveçlilər ‘soyuqdur’mu?

39 yaşlı isveçli Djina Wilk-ə görə, “isveçlilər əvvəlcə soyuq və daha az romantik görünə bilərlər.

Amma daha yaxın olduqca ümumən istiqanlı və sadiq olduqlarını görərsiniz”.

Rachel Matchett
Matchett, havayı uşaq baxımı imkanının tək yaşamaqda mühüm bir faktor olduğunu söyləyir.

Sevgili tapmağın çətinliklərinə baxmayaraq, İsveçdə işləməyə gedən xaricilərin üçdə ikisi beş il sonra da bu ölkədə yaşamağa davam edirlər.

“Əgər işimdən razıyamsa və əyləncəli bir həyatım varsa, subay belə olsa, İsveçdə yaşamağa davam edərəm çox güman ki,” Altoe deyir.

Amma Olaye bundan əmin deyil.

“Həyata baxışım bir çox isveçli kimi olmaya bilər. İstəyirəm ki, həyatım bir qaydaya düşsün. Hələ ki, ömrümün qalan hissəsini burada yaşaya biləcəyim bir nəfərlə rastlaşmamışam.”

COMMENTS