
Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyi “Tərtər hadisələri” dövründə həbs olunub, beş il yarım sonra bəraət almış şəxslərə kompensasiya ödəməkdən imtina edir. Məhkəmə nazirliyin üzərinə onlara təzminat ödəmək öhdəliyi qoysa da, dövlət orqanı bununla razılaşmır.
2017-ci ilin may-iyun aylarında Tərtərdə dövlətə xəyanət və başqa ağır ittihamlarla həbs edilib 20 ilə qədər cəza alanlardan 19 nəfər 2022-ci ilin dekabrında bəraətlə azadlığa buraxılıb.
Onlar həbsdən çıxandan sonra təzminat tələbi ilə ayrı-ayrılıqda məhkəməyə müraciət ediblər. Cavabdeh qismində isə Maliyyə Nazirliyini göstəriblər.
Gununsesi.info-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bildirib ki, nə qədər parodoksal görünsə də, bu məsələdə Maliyyə Nazirliyi həm haqlıdır, həm də haqsızdır:
“Haqlıdır ona görə ki, doğurdan da Maliyyə Nazirliyinin gətirdiyi arqument kifayət qədər əsaslıdır. Çünki bu insanlara ziyanı vuran Maliyyə Nazirliyi deyil, Müdafiə Nazirliyi, Hərbi Prokurorluq və Ali Məhkəmə olub. Yəni onların hüquqlarını pozmuş hüquq mühafizə orqanları və Müdafiə Nazirliyi bu insanlara ziyan vurub”.
Ərəstun Oruclu qeyd edib ki, bu mənada Maliyyə Nazirliyi tamamilə haqlıdır: “Ancaq Müdafiə Nazirliyi məhkəmənin qərarını rədd etməklə nəinki haqsızdır, hətta cinayət törədib. Çünki məhkəmə qərarı istənilən dövlət qurumu üçün vacibdir. Əgər dövlət qurumu, nazirlik məhkəmənin qərarına hörmətsizlik edirsə və açıq şəkildə onu icra etməyəcəyini bildirirsə, bundan sonra vətəndaşdan və ya digər qurumlardan məhkəməyə necə hörmət tələb etmək olar?
Çox təəssüf, Maliyyə Nazirliyi Azərbaycandakı məhkəmənin vəziyyətini bununla göstərir ki, məhkəmənin heç bir səlahiyyəti yoxdur, Azərbaycanda məhkəməni önəmsəyən yoxdur”.
Ekspert qeyd edib ki, ümumiyyətlə, Tərtər qurbanlarının onlara vurulmuş maddi və mənəvi ziyanın kompensasiyası ilə bağlı burda xüsusi dövlət qərarı qəbul olunmalıdır. “Baş prokurorluğun istintaq qrupunun verdiyi məlumata əsasən, söhbət iki minədək bəlkə də, çox zərərçəkmişdən gedir. Hətta bu adamların sayı altı yüzdən çoxdur. Təsəvvür edin ki, 600 nəfər adam hər dəfə gedib məhkəməyə müraciət etməlidir. Hər dəfə neçə məhkəmə instansiyası keçməlidir. Bura nə qədər dövlət resursları xərclənməlidir. Dövlət nə qədər bu işə nə qədər vaxt, vəsait və s. ayırmalıdır”, – deyə o bildirib.
Ərəstun Oruclunun sözlərinə görə, eyni zamanda, 6-7 ildir bu cinayətin qurbanı olması səbəbindən heç bir günahı olmadan, işsizliyə, yoxsulluğa məruz qalmış insanlar indidə aylarla Azərbaycan məhkəmələrinin qapılarında süründürməçiliyə məruz qalmalıdırlar. Xeyr, bu olmamalıdır:
“Dövlət zəhmət çəksin, “Tərtər qətliamı” qurbanlarına dövlət səviyyəsində kompensasiyaların ödənilməsi barədə müvafiq qərar qəbul etsin və həmin qərarın icrasını istənilən nazirliyə tapşırsın. Müddət müəyyən etsin ki, bu kompensasiyalar hansı miqyasda, hansı müddətdə ödənilməlidir. Bu halda nə məhkəmələrə, nə də məhkəmələrin qapılarında aylarla süründürməçiliyə ehtiyac olmayacaq və kimsə dövlətin qərarına meydan oxumayacaq. Bu işi dövlət görməlidir. Ona görə ki, Tərtərdə Azərbaycan hərbçilərinə qarşı törədilmiş, tarixdə sözün analoqu olmayan cinayət dövlətin törətdiyi cinayətdir. Dövlət də zəhmət çəkib, bu cinayətin bədəlini ödəməlidir”.
Şəbnəm Rəhimova
Gununsesi.info