“Müstəmləkə keçmişi ilə tanınan ölkələrdə mədəni irqçilik institutsional irqçiliyə çevrilib”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verərkən bəyan edib.
Dövlət başçısı Fransadakı iğtişaşların səbəbini də açıqlayıb.
“Bu, ağdərililərin üstünlüyünə əsaslanan müstəmləkəçi, təkəbbürlü, qeyri-insani zehniyyətin hələ də mövcud olmasının nəticəsidir. Fransada başlayan hadisələrin kökündə bu zehniyyətin qurduğu sosial memarlıq dayanır. Sistematik şəkildə sıxışdırılan gettolarda yaşamağa məhkum edilən mühacirlərin əksəriyyəti müsəlmandır. Təəssüf ki, zorakılıq zorakılığı doğurdu və bugünkü hadisələrə təkan verdi”, – deyə Ərdoğan qeyd edib.
O, baş verənləri təqdir etmədiyini də vurğulayıb.
“Təbii ki, biz ictimai əmlakın dağıdılmasını, küçələrin yandırılmasını, mağazaların talan edilməsini bəyənmirik. Küçə hadisələri ədalət axtarışının legitim üsulu ola bilməz. Ancaq aydındır ki, hakimiyyət də sosial partlayışdan dərs çıxarmalıdır. Narahatlıqla izlədiyimiz son hadisələrin kəskinləşmədən, tez bir zamanda sona çatmasını arzu edirik”, – Türkiyə Prezidenti deyib.
Gununsesi.info