
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin HƏMAS radikal islamçı qruplaşmasını terrorçu təşkilat adlandıran ölkələri tənqid edib. O deyib ki, bu təşkilat “öz torpağının və vətəndaşlarının müdafiəsi uğrunda mücadilə edən azadlıq mücahidləri qrupudur”.
Gununsesi.info xəbər verir ki, Ərdoğan bu bəyanatları hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin qarşısında etdiyi çıxışda verib.
Türkiyə prezidenti bu çıxışında habelə İsrailə səfərinin ləğv olunduğunu bildirib.
O deyib ki, Ankara İsraillə münasibətlərini tam normallaşdırmaq niyyətində idi, amma İsrail “Türkiyə tərəfinin xoş məramından sui-istifadə edib və heç bir qarşılıq addımı atmayıb”.
Ərdoğan İsrail və Fələsətin qüvvələri arasında dərhal atəşkəsə çağırıb və deyib ki, müsəlman ölkələri regionda davamlı sülhün bərqərar edilməsi üçün birgə addımlar atmalıdırlar.
Türkiyə prezidenti bu çıxışında Qərb ölkələrinin İsrailin HƏMAS-a qarşı cavab hərəkətlərini dəstəkləməsini tənqid edib.
O deyib ki, “Qərbin İsrail üçün göz yaşları axıtması saxtakarlığın ifadəsidir”.
Ərdoğan əlavə edib ki, “Qərbin İsrailə borcu çoxdur, amma Türkiyənin İsrailə borcu yoxdur”.
Gununsesi.info