“Müdafiə sənayesi sahəsindəki atdığımız hər addım bizi həyəcanlandırır. Yeni addımlarımız yoldadır”.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairdən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.
“Müdafiə sənayesində atılan hər addım bizi ruhlandırır. Türkiyənin milli döyüş təyyarəsi KAAN artıq yeni məhsullardan biridir. Baykar (dron) inkişafının zirvəsi “Kızılelma”dır. Hazırda “Kızılelm”anın son sınaqları davam edir”, – Türkiyə lideri qeyd edib.
Eyni zamanda, Ərdoğan yerli mühərriklərin istehsalı ilə bağlı problemin tezliklə həll edilməsinin vacibliyini bəyan edib.
O qeyd edib ki, bu istiqamətdə səylər gücləndirilərsə, Türkiyə yerli pilotsuz təyyarələri daha tez istifadəyə verə biləcək.
Türkiyə liderinin sözlərinə görə, cəmi bir neçə il əvvəl Türkiyənin özünün pilotsuz uçuş aparatları, ağıllı sursatları və “Milgem” (gəmiləri) olmasa da, türk xalqının səyi nəticəsində ölkə indiki səviyyəyə çatıb.
“Biz orada dayanmırıq. Həmişə daha yaxşı və daha təkmil nəsə var, onu axtaracağıq… Biz bu hədəflərə doğru sabit templə irəliləməliyik. Bizdə ən yaxşı mühəndis, ən yaxşı proqram təminatçısı, ən yaxşı mütəxəssis və ən yaxşı dizayner olmalıdır. Və bizim bu yeni addımlarımız artıq yoldadır. Heç kim narahat olmasın, biz öz adımızı müdafiə sənayesində və digər sahələrdə yazacağıq”, – deyə Ərdoğan yekunlaşdırıb.
Gununsesi.info