Ərdoğandan Qarabağ AÇIQLAMASI

  • By admin-2
  • 22 Sentyabr 2023 10:46

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirlərinin yalnız “bandit qruplarına” qarşı yönəldiyini bildirib. 

Gununsesi.info xəbər verir ki, Türkiyə lideri bunu Nyu-Yorkdakı Türk Evində jurnalistlərlə söhbətində BMT Baş Assambleyasının 78-ci sessiyasının yekunlarını şərh edərkən bildirib.

Ərdoğan Azərbaycanın Qarabağ bölgəsində başlatdığı antiterror tədbirlərinin 24 saatdan az bir müddətdə uğurla başa çatdığını xatırladıb. Türkiyə lideri qeyd edib ki, keçirilən tədbirlər Ermənistanın baş naziri Nikol Paşinyan və bütövlükdə Ermənistanla bağlı deyil.

“Azərbaycanın hərəkətləri Qarabağ bölgəsindəki “bandit qruqlarına” qarşı yönəlib”, – deyə o bildirib.

Ərdoğan qeyd edib ki, Qarabağda separatçıların qondarma “prezident seçkiləri” keçirmək cəhdi həm Azərbaycan, həm də Paşinyanın ciddi narahatlığına səbəb olub. Onun sözlərinə görə, Azərbaycanın çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, separatçılar Qarabağda təxribat törətməkdən əl çəkməyib.

“Azərbaycan buna cavab olaraq lazımi tədbirlər gördü. Əməliyyat ən qısa müddətdə başa çatdırılıb. 90-a yaxın mühüm mövqe vuruldu və bu, son oldu”, – deyə Ərdoğan bildirib.

Səid Əhmədli
Gununsesi.info