Yunanıstanın aparıcı mətbuatında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Afinaya rəsmi səfərinə həsr olunmuş silsilə məqalələr dərc olunub.
Gununsesi.info xəbər verir ki, Yunanıstan nəşrləri səfər zamanı iki ölkə arasında səslənən dostluq mesajlarına xüsusi yer ayırıb.
“Kathimerini” qəzetində “Daimi Sülh vədi” başlıqlı məqalə dərc olunub.
Materialda vurğulanır ki, səfərin ən mühüm nəticəsi “hətta mürəkkəb məsələlər üzrə substantiv dialoqun qurulması” olub.
Nəşrdə Türkiyə və Yunanıstanın gülərüz liderlərinin birgə fotosu yer alıb. Kathimerini yazır: “Gülüş bir gün əvvəl Afinada baş verən türk-yunan təmaslarını xarakterizə edən müsbət atmosferi əks etdirir”.
“Ta Nea” qəzeti xəbər başlıqlarına türkcə “Sülh, Ege, azlıq, Lavrion, Kıbrıs və Lozanna” sözlərini yerləşdirib.
Nəşr vurğulayır ki, tərəflər görüşə “səmimi əməkdaşlıq niyyəti ilə” yanaşıblar.
Qəzet Türkiyə-Yunanıstan münasibətlərində “qazan-qazan” formuluna əsaslanan yeni dövrə diqqət çəkib.
“EFSYN” qəzeti qeyd edir ki, Ankara və Afina ikitərəfli münasibətlərdə “sakit sular” atmosferi yaratmaq üçün atılan ilk addımlardan razıdırlar.
“Eleftheros Typos” qəzeti “Yeni dövrdə atılan addımlar” başlığı ilə nəşr olunub. Nəşr bir gün əvvəl Türkiyə ilə Yunanıstan arasında imzalanan “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Afina Bəyannaməsi”ni “tarixi sənəd” adlandırıb.
Gununsesi.info