Ərdoğanın seçkidəki rəqibi kim olacaq? – Mansur Yavaş, yoxsa Abdullah Gül…

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə qarşıdan gələn prezident seçkilərində namizəd olacağını bəyan edib.

Ərdoğan 2023-cü ilin iyununda keçiriləcək prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı”nın vahid namizədi olacaq
“Mən “Cümhur ittifaqı”nın namizədiyəm, seçkilər gələn ilin iyununda olacaq. Bay Kamal,  (Türkiyənin ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu – red.) namizədinizi ictimailəşdirin. Gəlin!”, – Türkiyə prezidenti müxalifətə ünvanladığı mesajda deyib.

Ərdoğanın mesajından sonra gözlər müxalifərə yönəlib – 6 partiyanın birləşdiyi “Millət ittifaqı”ndan prezidentliyə vahis namizəd kim olacaq?
Xatırladaq ki, “Millət ittifaqı”nda Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu, İYİ Partiyanın lideri Meral Akşener, Səadət Partiyasının sədri Temel Karamollaoğlu, Demokrat Partiyasının sədri Gültükin Uysal, Gələcək Partiyasısının lideri Əhməd Davudoğlu, Demokratiya və Atılım Partiyasının sədri Əli Babacan təmsil olunur.
Qeyd edək ki, “Millət ittifaqı” bundan əvvəlki açıqlamasında bildirib ki, seçkilərdə qalib gələcəyi təqdirdə koalisiya hökuməti məntiqi ilə hərəkət edəcək.
“Qalib gəlsək, Türkiyəni 6 partiya sədri idarə edəcək. Bizim bir sistemimiz olacaq. Qələbə qazanacağımız təqdirdə yeni prezident ya 6 liderdən biri olacaq, ya da kənardən seçiləcək”.

Bununla belə, Ərdoğanın son mesajı “Millət ittifaqı”nın namizəd məsələsini yenidən gündəmə gətirdiyindən yeni açıqlamalara ehtiyac duyulur.
Məlumata görə, “Millət ittifaqı”na daxil olan Səadət Partiyasının sədri Temel Karamollaoğlu mediaya deyib ki, “seçkilərin qanuni tarixi müəyyən edildikdən sonra biz “altılıq masası” və ya müxalifət olaraq bir araya gəlib prezidentliyə namizədi açıqlayacağıq”.


“Millət ittifaqı” iqtidardan erkən seçki tələb etsə də, prezident Ədoğan bunu rədd edərək, “seçki öz vaxtında keçiriləcək” deyib.
Namizədlik müzakirələri ilə bağlı erkən seçkilərə işarə edən CHP lideriKamal Kılıçdaroğlu  “növbədənkənar seçkilər elan edilsin, eyni gün ərzində namizədimizi açıqlayaq” deyib.
T.Karamollaoğlu isə “qüsura baxmasın, seçkilər vaxtında keçirilərsə, cənab prezident namizəd ola bilməz. Konstitusiya Məhkəməsi işə qarışar. Çünki Anayasada çox dəqiq və aydın yazılıb – bir nəfər iki dəfədən artıq namizəd ola bilməz. Yalnız bir şərtlə ola bilər, parlament qərar versə və seçkinin vaxtı irəli çəkilsə”.

T.Karamollaoğlu “Millət ittifaqı”nın prezidentliyə namizədi ilə bağlı fikirlərini də bölüşüb: “Seçki tarixi qanuni olaraq müəyyən edildikdən sonra, biz “altılıq masası” və ya müxalifət olaraq bir araya gəlib prezidentliyə namizədi açıqlayacağıq. Amma əvvəldən belə bir namizədi açıqlamağa ehtiyac hiss etmirik. Seçki tarixi dəqiqləşməyincə, buna gərək də yoxdur”.
Səadət Partiyasının sədri jurnalistlərin “Konstitusiya Məhkəməsinin “Üçüncü dəfə namizəd ola bilməz” maddəsini işə sala biləcəyinə inanırsınızmı” sualına belə cavab verib:
“Əlbəttə, cənab Ərdoğan belə bir addım atarsa, namizədliyi ləğv ediləcək. Buna nə Konstitusiya Məhkəməsi, nə də Ali Seçki Şurası razılıq verə bilər. Çünki bu, aydın müddəadır”.
Göründüyü kimi, Türkiyədə prezidentliyə namizədlik müzakirələri siyasi gündəmdədir.
Müxalifətin açıqlamalarına baxmayaraq, Rəcəb Tayyib Ərdoğanın 2023-cü ilin iyununda prezidentliyə namizəd olacağı çoxlarında şübhə doğurmur. Hərçənd bəziləri iqtidarın son anda hazırkı daxili işlər naziri Süleyman Soylunu önə çıxara biləcəyi iddiasını da irəli sürür.
Bununla belə, Ərdoğanın hər nə qədər tərəfdar itirdiyi bildirilsə də, onun müxalifəti məğlub edə biləcək gücündə olduğu vurğulanır.
Bəs “Millət ittifaqı”nın  prezidentliyə vahid namizədi kim ola bilər?
İndi Türkiyənin siyasi gündəmində cavabı axtarılan əsas suallardan biri budur.
Bütün gözlər “Millət ittifaqı”na yönələrkən, siyasi şərhçilər bu cəbhədən mümkün namizəıd adları çəkirlər: CHP sədri Kamal Kılıçdaroğlu, İYİ Partiyanın sədri Meral Akşener, Ankara Bələdiyyəsinin başqanı Mansur Yavaş (CHP üzvü), İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu (CHP üzvü), Gələcək Partiyasısının lideri Əhməd Davudoğlu
Türkiyə mediasında dərc olunan məlumatlara görə, “Millət ittifaqı”nda əksər üzvlər Mansur Yavaş və Əkrəm İmamoğlunun namizədliklərinə müsbət baxırlar.
Kamal Kılıçdaroğlu və Meral Akşenerin namizədliyinə gəlincə, ekspertlər “Millət ittifaqı”nda buna şübhə ilə yanaşanların çox olduğunu iddia edir.
Əhməd Davudoğlu da güclü fiqur sayılmır.
“Millət ittifaqı”nın masasında olan başqa bir alternativ namizədin adından da bəhs olunur – eks-prezident Abdullah Gül.
Bəzi tükiyəli politoloqların fikrincə, əvvəllər MHP üzvü olmuş, sonradan CHP-yə keçən Ankara Bələdiyyəsinin başqanı Mansur Yavaş partiyadaşı Əkrəm İmamoğlu ilə müqayisədə müxalifət üçün daha məqbul vahid namizəd sayılır. Türkiyə cəmiyyətinin liberal, solçular, dindarlar və millətçi kəsimində Mansur Yavaşa kifayət qədər rəğbət olduğu bildirilir. Əkrəm İmamoğluna isə məsələn, dindarlar və millətçilər arasında simpatiya istənilən səviyyədə deyil.
Siyasi şərhçilər Abdullah Gülü də unutmamağı tövsiyə edirlər. Qeyd edilir ki, əgər “Millət ittifaqı” vahid namizədi kənardan gətirməli olsa, onda Abdullah Gülün üzərində dayanılacaq.
Türkiyə ictimiayyəti eks-prezidenti seçkilərin nəticələrinə təsir edə biləcək siyasətçi qismində görür.

Gununsesi.info