Son iki gündə beynəlxalq siyasi aləmin diqqəti Rusiyanın Soçi şəhərinə yönəlib. Belə ki, mayın 2-də Soçidə Rusiya prezidenti ilə Almaniya kansleri Angela Merkel arasında görüş, ardınca Putinin ABŞ prezidenti ilə telefon danışığı və bunlardan sonra bu gün elə bu şəhərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Putin arasında görüş keçiriləcək.
Bu görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regionadakı vəziyyət, xüsusən də Suriya böhranı, beynəlxalq terrorizmə qarşı birgə müzakirə predmeti olacaq. Ərdoğanla Putin arasında görüşdə eyni zamanda, Cənubi Qafqazdakı durum, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində fikir mübadiləsinin aparılması gözlənilir.
Ərdoğanla Putin arasındakı görüşlə bağlı millət vəkili Fəzail İbrahimliyə müraciət etdik.
Millət vəkili Fəzail İbrahimli Gununsesi.info-ya açıqlamasında bildirib ki, bu iki ölkənin liderlərinin görüşü bir-birinə səmimi münasibətindən irəli gələn görüş yox, bu, əslində diplomatik zərurətdən irəli gələn görüşdür.
“Bu gün Soçidə regionun və dünyanın iri dövlətlərinin, həmçinin dünya siyasətində kifayət qədər təsiri olan ölkələrin liderlərinin görüşü baş tutacaq. Mən təkcə nəticəni deyil, eyni zamanda bu görüşün reallaşmasını müsbət addım hesab edirəm. Bu gün Rusiya dünyada sanki təklənmiş vəziyyətdədir. Qərb dünyası tərəfindən bu ölkəyə qarşı sanksiyalar tətbiq olunur. Bu gün demək olar ki, Türkiyə də Rusiya kimi Qərb tərəfindən təklənib və dışlanmaqdadır”- deyə, millət vəkili vurğulayıb.
F.İbrahimli əlavə edib ki, bu gün Rusiya ilə Türkiyə yüz il əvvəlki vəziyyəti xatırladır. “Bu müqayisə nə dərəcədə uğurlu və ya yerinə düşən məsələdir, deyə bilmərəm. 20-ci əsrin əvvəllərində yaranmış vəziyyət Atatürklə Lenin arasında münasibətlərin hansısa formada yaranmasını zəruri etmişdi. O zaman Rusiya Birinci dünya müharibəsindən məğlub çıxmışdı, yeni ideologiyaya əsaslanan syasi sistem qurmuşdu və dünya da Leninin yaratdığı bu sistemi qəbul etmirdi.
Türkiyə də o dövrdə təklənmiş bir vəziyyətdə idi. Atatürk Osmanlı imperiyası əsasında Türkiyə Cümhuriyyətini yaradaraq ölkənin böyük bir hissəsini Avropanın cəngindən xilas edə bilmişdi. Bununla da Atatürk Avropanın Osmanlını tamamilə məhv etmək planlarını alt-üst edərək, arzularını gözlərində qoymuşdu. Atatürkün rəhbərliyi altında Türkiyə Cümhuriyyətinin yaradılması isə Avropa tərəfindən həzm edilə bilmirdi. Ona görə də bu gün olduğu kimi, o zaman da Türkiyəyə qarşı belə basqılar var idi. Belə bir vəziyyətdə Lenin Atatürk dil tapıb yaranmış vəziyyətə uyğun olaraq münasibətlərini qurdu. Çünki vəziyyət bunu tələb edirdi. Hansı ki, bu münasibətlər keçən əsrin 30-cu illərinin sonunadək davam etdi. Bax, bu gün həmin siyasət yenidən təkrarlanır. Hər iki ölkə Qərb tərəfindən təcrid olunmuş vəziyyətə salınır, təzyiq və təhdidlərə məruz qalır. Rusiya Qərb tərəfindən sanksiyalara üzləşdiyi kimi, Türkiyə də Qərbin təzyiqlərinə tuş gəlməkdədir. Avropa Şurası, Avropa İttifaqı Türkiyəyə müxtəlif formalarda təzyiqlər edir. Türkiyədə terrorçulara, dövlət çevrilişinə cəhd edən qüvvələrə dəstək verir.
Belə bir vəziyyətdə bu gün Ərdoğanla Putin arasında Soçidə görüş keçirilir. Odur ki, mən bu görüşü iki dövlətin və ya dövlət başçısının sevgidən yox, diplomatik zərurətdən doğan görüş və ölkələrin yaxınlaşması hesab edirəm”- deyə, millət vəkili vurğulayıb.
F.İbrahimli hesab edir ki, bu gün beynəlxalq və regionda yaranmış durum, eyni zamanda Türkiyəyə olan təhdidlər Ankaranı Moskva ilə yaxınlığa vadar etdiyindən, münasibətlərin indiki şəraitdə yaxınlığı hər iki ölkənin maraqlarına cavab verir: “Ən azından bu yolla özlərini bu təcriddən qoruya bilir və müqaviməti təşkil edirlər. Hesab edirəm ki, Türkiyə ilə Rusiya yaranmış durumu dəyərləndirib əlaqələrini daha sıx inkişaf etdiməlidirlər. Bu hər iki ölkənin maraqlarına xidmət edir. Ən azından hər iki ölkənin lideri vəziyyəti dəyərləndirib regionda sabitliyə nail olmalıdır”.
Millət vəkili sonda bildirib ki, Rusiya Türkiyə arasındakı yaxınlaşma Avropa tərəfindən qısqanclıqla qarşılanır: “Bir zamanlar Türkiyə ilə Rusiya arasında gərginlik yaradan ölkələr və qüvvələr bu gün bu münasibətlərin yaxınlaşmasından ciddi əndişə keçirirlər. Odur ki, mən görüşü tək iki ölkə münasibətləri baxımından deyil, eyni zamanda Türkiyə-Azərbaycan-Rusiya münasibətləri baxımından da müsbət hal kimi dəyərləndirirəm”.
Mürtəza
Gununsesi.info