Bu gün dünyanın bir çox ölkələrində siyasi, dini, məzhəb, etnik, mədəni zəmində özünü göstərən münaqişələr nəticəsində daxili sabitliyin pozulduğu, vətəndaş qarşıdurmalarının yaşandığı bir vaxtda Azərbaycan özünün milli birlik modeli ilə daha çox diqqəti cəlb edir.
Miili Məclisin deputatı Şahin İsmayılov Gununsesi.info-ya açıqlamasında bildirib ki, Azərbaycançılıq ideyası hər şeydən öncə, Azərbaycan xalqının bu günə qədər əldə etdiyi milli-mənəvi dəyərlərə sahib çıxmaq, Azərbaycan dilini, tarixini, mədəniyyətini bilmək, tarixən əldə etdiyimiz dəyərləri mühafizə etməklə, qloballaşan dünyada mövcud olan, yeni universal dəyərləri mənimsəməklə, bunları ümummilli mənafelərimizin qorunması istiqamətində səfərbər etmək deməkdir.
“Azərbaycançılıq ideologiyasını siyasi, elmi nöqteyi-nəzərdən təsnif etməyə çalışsaq, deyə bilərik ki, Azərbaycançılıq ideologiyası Azərbaycanın milli neokonservatizmidir. Neokonservatizm – konservatizm və liberalizmin birləşməsidir. Yəni mühafizəkarlıq, üstəgəl, müasirlik və liberallıq Azərbaycançılıq ideologiyasına bərabərdir. Ona görə də bütün bunlar cəmiyyətimizin çox rəngli etno və sosial palitrası tərəfindən qəbul olunur. Azərbaycanda yaşayan hər bir azərbaycanlı özünü xalqımızın bu vaxta qədər yaratdığı milli-mənəvi dəyərlər sisteminin varisi hesab etməklə, həm də onu zənginləşdirmək üçün fəaliyyət göstərir”, – o qeyd edib.
Şahin İsmayılov
Deputat bildirib ki, amma Azərbaycançılıq ideologiyasından yayındırmaq məqsədi ilə xaricdən müəyyən impulslar ötürülməkdədir: “Bunlar daha çox sosial şəbəkələr, internet resursları və digər vasitələrlə ötürülür. Burada Azərbaycançılığın təbliğ olunması, Azərbaycançılıq ideologiyasının milli fəaliyyətimizin və yaxud ümumi ictimai fəaliyyətimizin leytmotivinə çevrilməsi zəruri hal alır. Çünki informasiya cəmiyyəti sadəcə informasiya mübadiləsi və informasiyanın sürətlə əldə edilməsi hadisəsi deyil, həm də cəmiyyət üzvlərinin düşüncələrinə təsir edən, onun keyfiyyətini təyin edən bir hadisədir. Azərbaycançılıq ideologiyası vətəndaşlarımızın qarşısında bir çağırış olaraq durmalıdır. Kimsənin bu ideologiyaya zərər verməsinə imkan vermək olmaz. Bu gün Azərbaycanın əldə etdiyi uğurların kökündə dayanan əsas amillərdən bir məhz Azərbaycançılıq ideologiyasıdır. Bu uğurlu siyasətin bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və həmin siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəyliyinə, xalqın vahid bir ideya ətrafında mənəvi birliyinə nail olunmasında Prezident İlham Əliyevin müstəsna rolu olub. Məhz İlham Əliyev sayəsində milli-mənəvi və bəşəri dəyərlər artıq Azərbaycançılıq ideologiyasının özəyini, onun əsas təməl prinsiplərini təşkil etməkdədir. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan xalqı bir yumruq kimi birləşdi və nəticədə dünyanın qalib xalqına çevrildi. Necə deyərlər: “El bir olsa, dağ oynadar yerindən”. Bu gün Azərbaycan insanının qarşısında bu ideologiyanı daha da inkişaf etdirməli və Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmalıyıq.
44 günlük müharibədən sonra qarşısımızda duran əsas hədəf Qərbi Azərbaycana qayıdış olmalıdır. Bu hədəfə nail olmaq üçün milli birliyimizin əsasını təşkil edən Azərbaycançılıq ideologiyasına sadiq qalıb zədələnməsinə imkan vermədən qarşıda duran hədəflərə nail olmalıyıq və olacağıq da…”
“Hər bir xalqın inkişafı məhz onun yürütdüyü milli ideologiyadan və ona olan sadiqliyindən asılıdır. Milli ideologiya nə qədər güclü olarsa, həmin cəmiyyət və dövlət inkişaf edib qarşısındakı hədəflərə çata bilər. Bir sözlə, cəmiyyətin, dövlətin inkişafı milli ideologiyadan asılıdır. Bu gün Azərbaycanın əldə etdiyi uğurların da köküdə məhz milli azərbaycançılıq ideologiyası dayanır. Təkcə Azərbaycanda yaşayan vətəndaşlarımız deyil, dünyanın ən müxtəlif ölkələrində yaşayan 50 milyonadək olan soydaşlarımız azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib. Onlar Azərbaycanda yaşamasalar da, buranı öz doğma Vətənləri hesab edirlər”.
Bunu Gununsesi.info-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, ona görə də milli ideologiya düzgün seçilməli və bu ideologiya dövlətin, cəmiyyətin inkişafına xidmət etməlidir. “Çünki düzgün ideologiyanın müəyyən edilməsi həm də xalqların və dövlətlərin gələcək inkişaf prespektlərinin təməlini təşkil edir. Dövlətin vahid ideologiyası vətəndaşların təbii maraqları ilə üst-üstə düşdükdə isə dövlət-vətəndaş münasibətləri sarsılmaz olur. Belə bir ideologiyanın ərsəyə gətirilməsi təbii ki, uzaqgörən, dahi siyasətçilərin fədakarlığı nəticəsində mümkün olur.
Məlahət İbrahimqızı
Ümummilli lider Heydər Əliyev də 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra dövlətin müstəqilliyi və gələcək inkişafını təmin etmək məqsədilə Azərbaycan cəmiyyətinin möhkəmlənməsinin ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürüb. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətidir.
Çünki Azərbaycançılıq ideologiyası ümummilli lider Heydər Əliyevin çağırışı ilə bütün dünya azərbaycanlılarının milli birlik platformasına çevrilib. Bunun nəticəsidir ki, bu gün Azərbaycançılıq ideoliogiyası milli dövlətçilik strategiyamızın təməl prinsiplərini təşkil edir. Azərbaycançılıq ideologiyasının nəticəsi olaraq bu gün ölkədə hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdir.
Azərbaycançılıq ideologiyası həm də vahid və bölünməz Azərbaycanın qorunub saxlanması və möhkəmləndirilməsinin siyasi əsasıdır. Məhz bu ideologiya ətrafında birləşmək Azərbaycanda müxtəlif konfessiyaların dinc yanaşı yaşamasını, ölkədə yaşayan bütün etnosların qardaşlaşmasını, onların Azərbaycanın firavan gələcəyi uğrunda vahid cəbhədə birləşməsini təmin edə bilib.
Çünki Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Daha doğrusu, Azərbaycançılıq ideologiyası özündə bərabərhüquqlu vətəndaşlıq, qarşılıqlı əməkdaşlıq və həmrəylik sisteminin ideya-nəzəri əsasını birləşdirib”, – deputat qeyd edib.
M.İbrahimqızı əlavə edib ki, Azərbaycançılıq ideologiyası bu gün də cənab prezidentin yürütdüyü siyasətin ana xəttini təşkil edir:
“Hazırda Azərbaycan dövlətinin xarici siyasətinin əsas tərkib hissələrindən biri də məhz dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbaycançılıq ideyası ətrafında sıx birliyini təmin edib, mövcud birliyi qoruyub saxlamaq, onun zədələnməsinə imkan verməməkdir. Cənab Prezidentin yürütdüyü uğurlu siyasət nəticəsində dünya azərbaycanlılarının sıx birliyi formalaşıb”.
Deputat onu da bildirib ki, bugünkü qloballaşan dünyada milli-mənəvi dəyərlərinin qorunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin qarşısında duran hədəflərə və çağırışlara nail olunmasında Azərbaycançılıq ideologiyası çox mühüm rol oynayır:
“Odur ki, bu istiqamətdə səylərimizi daha da artırmalıyıq. Məhz bu istiqamətdə yürüdülən düzgün siyasət nəticəsində dünya azərbaycanlıları cənab Prezidentin ətrafında sıx yumruq kimi birləşərək qələbələrə imza atdı. Azərbaycan erməni işğalına son verib, ərazi bütövlüyünü və suverenliyini bərpa edərək dünyanın qalib xalqına çevrildi. Biz bu birliyi qoruyub saxlamalı və qarşıda duran hədəflərimizə nail olmalıyıq.
Bu gün əsas hədəflərimizdən biri də tarixi yurdlarımız olan Qərbi Azərbaycan torpaqlaırna dönüşdür. Cənab Prezident Qərbi Azərbaycan torpaqlaırna dönüşün “Yol xəritəsi”ni müəyyən edib və biz Azərbaycançılıq ideologiyasını daha da inkişaf edirib, Qərbi Azərbaycana dönüşlə bağlı hüquqlarımızı beynəlxalq aləmə çatdırılması istiqamətində səylərimizi daha da artırmalıyıq. Doğma yurdlarımıza dönüş haqqımızdır və cənab Prezidentin liderliyi altında biz mütləq ora dönəcəyik.
Biz Qərbi Azərbaycana top-tüfənglə deyil, sülh və danışıqlar yolu ilə qayıdacağıq. Bu məqsədə çatmaq üçün milli idelogiyanın daha da inkişaf etdirib, bu platforma ətrafında daha sıx birləşməyə ehtiyac var. Necə ki, İkinci Qarabağ müharibəsi zamanı xalqımız bir yumruq kimi birləşərək, “Dəmir yumruq” altında düşmən üzərində qələbə çalıb, qalib oldusa, indi də cənab Prezidentin qətiyyətli və dəmir iradəsi nəticəsində Qərbi Azərbaycana dönüş baş tutacaq.
Qloballaşan dünyada Azərbaycan beynəlxalq aləmdə güclü, nüfuzlu bir ölkə kimi öz layiqli yerini tutacaq”.
Şəbnəm Rəhimova
Gununsesi.info