Əsgər Çingiz Qurbanovun meyitinin qaytarılması ilə Dövlət Komissiyası məşğul olur - MÜDAFİƏ NAZİRLİYİ (ÖZƏL)

  • By admin
  • 05 Yanvar 2017 12:24

cingiz-qurbanov
2016-cı ilin 29 dekabrında Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Çingiz Salman oğlu Qurbanovun cəsədi hələdə düşmən ərazisindədir.
Əsgərimizin cəsədinin geri qaytarılması istiqamətində aparılan işlər, görüləcək tədbirlər haqqında məlumat əldə etmək məqsədi ilə Gununsesi.info Müdafiə Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən sorğumuza cavab olara bildirilib ki, hərbi qulluqçumuzun nəşinin geri alınması işi ilə Müdafiə Nazirliyi məşğul olmur: “Bu məsələylə hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məşğul olur. Artıq qurum bununla bağlı bəyanat da yayıb”-deyə, bildirilib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova isə bildirib ki, əsgər Ç.Qurbanovun nəşinin geri qaytarılması ilə bağlı tərəflərə təkliflər edib: “Hazırda bu istiqamətdə danışıqlar davam etdirilir. Nəticə əldə olunduqda bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək”-, deyə bildirilib.
BQXK-da Ermənilər tərəfdən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması istiqamətində görülən işlər haqqında da məlumat verilib. Belə ki, BQXK-dan bildirilib ki, bu bayram günləri ərəfəsində Dilqəm Əsgərov və Şahbaz Quliyevlə qurumun nümayəndələri arasında görüş keçirilməyib”.
Qeyd edək ki, aidiyyəti dövlət qurumları ilə birlikdə həlak olmuş hərbi qulluqçumuzun nəşinin geri alınması istiqamətində tədbirlər davam etdirilir. Prosesin gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Anar
Gununsesi.info