Əsirlər harda, kimin vasitəçiliyilə dəyişdiriləcək…

Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı tərəfindən dekabrın 7-də verilən birgə açıqlamada Bakı ilə İərvan arasında bir sıra razılığın əldə edildiyi bildirilib.

 

Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri (İrəvanda saxlanılan azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov-red.) azad edəcək.

 

Hər iki ölkənin ictimaiyyəti neçə gündür hərbçilərin dəyişdiriləcəyi anı gözləyir. Proses hələ ki baş verməyib.

 

Gununsesi.info -nun məlumatına görə, nə Azərbaycan rəsmiləri, nə də Ermənistan hakimiyyətinin nümayəndələri saxlanılan hərbçilərin azad ediləcəyi günü və yeri, eləcə də prosesin kimin vasitəçilə gerçəkləşəcəyini açıqlamayıblar.

 

Ermənistan mediasının məlumatına görə, mübadilə prosesi bu gün və ya sabah baş tuta bilər.

 

Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Sarkis Xandanyan KİV-ə açıqlamasında hərbçilərin dəyişdirilmə prosesinin Ermənistan-Azərbaycan sərhədində baş tutacağını istisna etməyib. Amma kimin vasitəsilə, bunu açıqlamayıb.

 

Ermənistan KİV-ləri prosesə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçi olacağını ehtimal edir.

 

Beynəlxalq Komitənin Ermənistan nümayəndəliyindən Zara Amatuni bildirib ki, “Qırmızı Xaç” tərəfləri neytral vasitəçi olmağa hazır olduqları barədə məlumatlandırıb.

 

“Hazırda deyə biləcəyimiz yeganə şey odur ki, tərəflər bizə müraciət etsələr, prosesdə rol oynaya bilərik. Hazırda bizdə başqa məlumat yoxdur”, – Amatuni bildirib.

 

Gununsesi.info