Karvannews tanınmış yazıçı, feminist Sahilə İbrahimova ilə müsahibəni təqdim edir.
– Kommunist hərəkatının fəal iştirakçısı Klara Setkin 8 Mart Beynəlxalq Qadınlar gününün ideya müəllifi hesab olunur. Qadınlar öz zəhmətlərini görməzdən gələnlərə, hüquqlarını tapdalayanlara qarşı küçələrə axışmışdı həmin gün. Bu tarix daha sonra bütün dünyada qeyd olunan bayrama çevrildi. Siz 8 mart haqda nələr düşünürsünüz?
– Mən Klara Setkinin fikirləri haqqında bir gün yox, hər gün düşünürəm. Çünki feministəm və hər gün qadın-kişi bərabərsizliyi ilə qarşılaşaraq bu istiqamətdə çox iş görülməli olduğunu anlayıram.
– Bu gün dünyada kişi-qadın bərabərliyindən danışa bilərikmi?
– Bütövlükdə yox, əlbəttə. Nisbətdə dünyanın bəzi ölkələrində vəziyyət daha yaxşıdı.
– Nazim Hikmet bir şeirində belə deyirdi, dünyayı verelim çocuklara hiç değilse bir günlüğüne, allı pullu bir balon gibi verelim oynasınlar. Dünyanı idarə etməyi qadınlara versəydik nələr dəyişərdi?
– Mən bütün qadınların ədalətli olduğunu demirəm. Bu suala verilən pafoslu və şablon cavablardan qaçıram. Lakin ümumi mənzərəyə baxsaq, müasir dünyada qadınların idarəçiliyində olan ölkələrdə humanizm dəyər kimi daha çox önə çəkilir. Bəzən ehtimallardan çox reallığa əsaslanmaq faydalıdı. Dəyişikliyi görmək üçün imkanlar bərabər paylanmalı, qadınlar idarəçilikdə daha çox yer almalıdırlar.
– Cəmiyyətimizdə qadına şiddət, boşanmalar, ölüm hadisələri olur. Çıxış yolu nədir? Necə edək ki, qadınlar da müəyyən qədər azad yaşasın, azad seçimlər etsin?
– Tabuları qaldırmaq, zərərli ənənələri cəmiyyətin zehnindən silə bilmək olduqca çətindi. Min kitab çap edilir, min yeni söz deyilir, daha mütərəqqi qanunlar yazılır. Cəmiyyət yeri gələndə bunları an çərçivəsində dəstəkləyir. Evinə, mətbəxinə qayıdanda isə davranışları yenə ənənəçiliyə əsaslanır. Amma yenə də maarifçilikdən yorulmamaq lazımdı. Şəxsi nümunələr, rol modellər çoxalmalıdı. Mən bu gün Azərbaycanda auditoriyası olan adamlar, influenserlər, opinion meykerlər arasında belələrini çox az görürəm. Təsəvvür edin, normal saydığımız müğənni qadın qəfil müsahibə verib deyə bilər ki, kişi səni təmin edirsə, qıraqda kimisə saxlasa olar.
– İndiki feministlər doğru yöndədirlərmi? Niyə cəmiyyət onları hər daim tənqid edir?
– Mən situativ olaraq bəzən fərdləri, bəzən ideyaları dəstəkləyirəm. İndiki feministlər deyəndə, yəqin bizim ölkədəki prosesləri nəzərdə tutursunuz. Bu halda fərdlər məni maraqlandırmır. Əsas odur səs sala bilirlər. Feminizm, qadın hüquqsuzluğu, mənəvi və fiziki şiddət müzakirə mövzusudu. Niyə tənqid olunmamalıdı ki? Əsrlərlə qadın cinsini yamaq cins sayan kişilər feminizmin yayılmasına sevinəsi deyillər ki. Əlbəttə, onlar cərəyanı aşağılamaq, qaralamaq üçün əllərindən gələni edəcəklər. Mən başqa münasibət gözləmirdim də.
– Qadın yazıçı ifadəsi sizdə qıcıq yaradırmı?
– Mən qadın olmaqdan məmnunam. Qıcıq yaratmır, xeyr. Lakin dünyada bu bölgü tezliklə, tamamilə sıradan çıxacaq. Məsələn, 2 gün əvvəl ilk dəfə Berlin film festivalında ən yaxşı kişi, qadın rolu nominasiyaları əvəzinə, ən yaxşı aktyor nominasiyası üzrə qalib seçildi. Bu format Oskara da təklif olunur. Nobeldə bu, əvvəldən yoxdu. Ədəbi çevrədə şəxsən özüm üçün qadın-kişi bölgüsü yoxdu.
– Bəs yaxşı, qadın olmaq çətindi yoxsa yazıçı?
– Adama və şəraitə bağlıdı. Mənə başqaları ilə nisbətdə ikisi də rahat başa gəlib. Maneələr və qadağalar daha az olub. Kimdəsə şərtlər başqa cür ola bilər.
– Seymur Baycan deyirdi ki, qadınlar nəsr yaza bilmir. Bu fikrə münasibətiniz necədir?
– Bu fikrə münasibətim yoxdu. Bu deyiləni fikir saymıram. Daha çox qıcıq yaratmaq üçün deyilən ara sözünə, lağ-lağıya bənzəyir. Məncə, normal müəllif beyni belə fikir istehsal edə bilməz.
– Qadını anlamaq yox, sevmək lazımdır. Ümumiyyətlə, kişilər niyə sizi çözməyə çalışırlar?
– Bayağı şablonlardan biridi bu. Mən də qadın olaraq hansısa kişini çözməyə çalışıram. Xüsusilə yazıçı olaraq həmişə adamları müşahidə edirəm, anlamağa çalışıram. Qadını anlaşılmaz, çözülməz varlıq kimi təqdim etmək patriarxal cəmiyyətlərdə instrument kimi istifadə olunur. Orta əsrlərdə elmli qadına cadugər damğası vurub yandırmağın davamıdı bu. Guya anormal varlıqdı, guya anlaşılmazdı. Tibbi baxımdan insan beyni molekulyar prizmadan hələ də tam açılmayıb. Hansı kişinin hormonal fonu dəqiq anlaşılıb, çözülüb ki, qadın qalıb geridə?
– 8 Martda aldığınız ən özəl hədiyyə hansı olub? Bu barədə hansı xatirəniz var?
– Bir tanışım “little black dress” adlı parfüm almışdı. Açıqcada parfümun adını tərcümə etmişdi. Ümid edirəm, “qara qısa don” ətrini bəyənəcəksən. Niyəsə bu yanaşmasını bəyənmişdim. Ondan sonra parfüm adlarını tərcümə etməyə başladım.
– Sonda Azərbaycan qadınlarına nə demək istəyərdiniz?
– Qadınları Azərbaycan qadını, İspan qadını kateqoriyalarına bölməyi sevmirəm. Spesifik özəlliklər ola bilər, amma hisslər, yanaşmalar təxminən eynidi. Oğlum doğulandan sonra post-natal depressiya yaşadım və məni sakitləşdirən bir qadın Azərbaycanda, digəri başqa materikdə idi. Bu gün məhz Beynəlxalq qadınlar günüdü, söhbətimiz daha çox bu istiqamətdə getdi. Ona görə qadınlara nə arzu edirəm. Özlərindən həsəd apardıqları adamı düzəltməyi bacarsınlar. Kişilərin mütləq qərar sahibi olduğu icmalar, toplumlar, hakimiyyətlər tərəfindən istismar olunmasınlar. Özlərini çarəsiz hiss etməsinlər. Ədalətli dünya naminə oğlan övladları varsa, onları yaxşı insan kimi böyütməyə çalışsınlar.
Gununsesi.info