Ət yeyənlər azalıb, makarona tələbat kəskin artıb - MDB-də sonuncu yerdəyik...

Dövlət Statistika Komitəsi (DSK) ötən il üçün açıqladığı ərzaq balansından görünür ki, ölkədə makarona tələbat kəskin şəkildə artıb. Belə ki, 2019-cu ildə Azərbaycanda adambaşına 1.6 kiloqram makaron yeyilirdi. 2020-ci ildə bu göstərici 2.2 kiloqrama yüksəlib. Ötən il həmin rəqəm artıq 2.8 kiloqrama çatıb. Beləcə, son iki ildə adambaşına 75 faiz daha çox makaron məmulatı yeyilib.

Ötən il Azərbaycanda 13 min 245 ton makaron məmulatı istehsal edilib. Bu, iki il əvvəllə müqayisədə üç dəfədən çox artım deməkdir. Ötən il daha 16 min ton makaron məmulatı da xaricdən gətirilib. Deməli, ölkənin özünü makaronla təminetmə göstəricisi 47.2 faizdir və yerli istehsal tələbin hətta yarısını ödəyə bilmir. Ötən il əhalinin şəxsi istehlak fonduna daxil makaron məmulatının həcmi 28 min 486 ton olub. Bu göstərici də son iki ildə 13 min ton artıb.

HTML tutorial

Makarona tələbat artsa da ölkədə adambaşına ət istehlakı dünya standartlarından təxminən iki dəfə geri qalır. Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, ötən il Azərbaycanda adambaşına düşən ət və ət məhsulları istehlakı cəmi 40.8 kiloqram olub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyənləşdirdiyinə görə, adambaşı ət norması il ərzində 78 kiloqram olmalıdır.

Azərbaycan bu göstəriciyə görə MDB məkanında ən son yeri tutan ölkələrdəndir. Dövlət Statistika Komitəsinin məlumatlarından aydın olur ki, adambaşına düşən ət istehlakı Belarusda 97, Rusiyada 76, Qazaxıstanda 74, Moldovada 56, Qırğızıstanda 42 kiloqramdır.
Diqqətçəkən məqamlardan biri də ölkədə adambaşına düşən mal əti istehlakının ard-arda üç ildir ki, azalmasıdır. 2018-2020-ci illərdə Azərbaycanda adambaşına düşən mal əti istehlakı 16 kiloqramdan çox olurdu. Ötən il bu rəqəm 16 kiloqramdan aşağı düşərək 15.9 kiloqram olub və əvəzində toyuq əti daha çox yeyilib. 2018-2020-ci illərdə Azərbaycanda orta illik quş əti istehlakı adambaşına 14.7 kiloqram idi. 2021-ci ildə həmin rəqəm 15.4 kiloqrama yüksəlib. Bu baxımdan, rəqəmlərdən aydın olur ki, əhalinin daha bahalı mal ətinə tələbatını nisbətən daha ucuz toyuq əti əvəzləyib. Son bir ildə Azərbaycanda ərzaq məhsulları, rəsmi rəqəmlərə görə, 21 faiz bahalaşıb. Bu artım ət məhsullarından da yan ötməyib. Son bir ildə toyuq əti 19 faiz, mal əti təxminən 10 faiz bahalaşıb.

Afət Abbasova
Gununsesi.info