Rasim Məmmədov Əvəz Zeynallının həbsindən danışdı -İŞ ADAMI DEYİR Kİ...

Bu gün “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rasim Məmmədov sərbəst ifadə verib.

O “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallının həbsindən danışıb: “Əvəz jurnalist deyil, cinayətkardır. Mənə neçə ildir təzyiq edir. Məndən uzun illər ərzində rüşvət tələb edib. Bu gün də mənim uşaqlarımı hökumətə qarşı qaldırmaq istəyir. Gizli nömrələrdən uşaqlarıma zəng gəlir, onları hədələyirlər. Deyiblər ki, hər şeyinizi əlinizdən alacaqlar”.

Daha sonra prokuror Rasim Məmmədovun dediklərinə münasibət bildirib: “Rasim Məmmədov Əvəz Zeynallının cinayət əməli ilə bağlı kifayət qədər məlumat verdi. Bu məlumatlar aktlaşdırılıb Baş Prokurorluğa göndərilməlidir”.

Rasim Məmmədovun digər vəkilləri vəsatət veriblər. Onlar Elçin Sadıqovun həbs olunduğunu deyib, vaxt istəyiblər: “Elçin Sadıqovla bağlı şikayət verilib. Ola bilsin ki, qərar dəyişər, Elçin Sadıqovun yenidən işə qayıtması mümkün olar”.

Hakim isə prosesin davam etdirilməsinə qərar verib. Deyib ki, Elçin Sadıqovdan əlavə Rasim Məmmədovun iki vəkili var, prosesin təxirə salınmasına ehtiyac yoxdur.

Bundan sonra Rasim Məmmədov sərbəst ifadə verib. O deyib ki, 2008-ci ildə 7 milyon manat verib, zavodun 25 faizini alıb, 2011-ci ildə isə zavodun qalan 23 milyon manat olmaqla, ümumilikdə 30 milyon manat verib, zavodu tam alıb.

Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.

Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.

Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.

Gununsesi.info