“Əvvəlki illərlə müqayisədə həbs olunanların sayı 30 faiz azalıb” - ŞAHİN YUSİFOV

  • By admin
  • 29 Sentyabr 2017 13:46
sahin-yusifov
“Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamı məhkəmə sistemində bir canlanmaya təkan verib”.
Gununsesi.info xəbər verir ki, bunu Ali Məhkəmənin cinayət kollegiyasının sədri Şahin Yusifov Milli Məclisdə cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ölkə başçısının 10 fevral 2017-ci ildə verdiyi sərəncamdan 8 ay müddətində məhkəmə sistemində bir canlanma müşahidə olunur: “Belə ki, dövlət ittihamçıları ağır olmayan və ictimai təhlükəlilik törətməyən cinayət törədən şəxslər barəsində həbs qətimkan tədbiri seçməməsi təqdimatını verirlər. Bundan əlavə, hətta belə təqdimatlar olanda məhkəmlərdə hakimlər daha cəsarətli olur və belə təqdimatı rədd edirlər”.
Ş.Yusifov əlavə edib ki, məhz buna görə də həbs olunanların sayı azalmadadır: “Ədliyyə Nazirliyinin verdiyi  məlumata görə, artıq bu sərəncamdan sonra əvvəlki illərlə müqayisədə həbs olunanların sayı 30 faiz azalıb”.
Cinayət Məcəlləsinə edilən dəyişikliklər barədə məlumat verən Ş.Yusifov deyib ki, dəyişikliklər obyektiv və subyektiv səbəbdən irəli gəlib: “Obyektiv səbəbə CM-də olan boşluq və çatışmazlıqlardan irəli gəlib və bu dəyişikliklər nəticəsində bu boşluq və çatışmazlıqlar aradan qaldırılır. Məsələn, indiyədək külli miqdarda ziyan vuran şəxslərlə bağlı ancaq yüksək cərimə cəza növü seçilirdi və bu da nəticədə məhkəmə qərarlarının icrasında ciddi problemlərə yol açırdı. Məhkəmə qərarlarının icrasını qeyri-mümkün edirdi. Amma orada yeni təkliflərin verilməsi və həbs qətimkan qərarının seçilməsi bu boşluğun aradan qaldırılmasına xidmət edir”.
Subyektiv məqamlara toxunan Ş.Yusifov deyib ki, məhkəmələrdə hakimlər qanundakı boğluq və çatışmazlıqdan istifadə edərək cəza törədən şəxsə qarşı nəzərdə tutulan cəzalardan artıq cəzaların çıxarılması barədə hökm qərarı çıxarırdı: “Məsələn, ağır olmayan, ictimai təhlükə törətməyən cəzalarla bağlı alternativ cəza əvəzinə ağır cəza seçirdilər. Hətta bir çox hallarda hakimlər mühakimə edilən şəxsə müddəada nəzərdə tutulduğu cəzadan da artıq cəza barədə hökm çıxarırdılar. Ancaq bu dəyişikliklər belə halların qarşısını alacaq”.
 
Mürtəza
Gununsesi.info