
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun onu istintaqa dəvət edən müstəntiqi təhqir etməsi cəmiyyətdə böyük rezonansa səbəb olub. Nazir olduğu dönəmdə Azərbaycan qanunlarını ayaq altına salan, vətəndaşların hüquqlarına açıq qəsd siyasəti yürüdən bu adamın işini itirməsindən sonra da qanunlara sayğısızlığı təəccüblə qarşılanır. Tabeçiliyində olan 21 nəfərin vəzifə cinayətlərinə görə, həbsə atılmasına baxmayaraq, onun azadlıqda sərbəst gəzməsi cəmiyyəti narahat edən əsas məqamlardan biridir.
Tanınmış ekspert Əyyub Kərim Azadlıq.info-ya açıqlamasında bildirib ki, Mahmudovun müstəntiqi aşağılaması prokurorluğun zəifliyini ortaya qoymuş oldu: “Əgər Mahmudov müstəntiqlə danışığında bu cür ifadələrdən istifadə edibsə, bu bütün «qırmızı xətlərin» keçilməsi deməkdir. Əgər müstəntiqlə danışıqda belə ifadələrə yol verilibsə, bu, əslində dövlət başçısına qarşı çıxmaq deməkdir. Çünki prezident dəfələrlə çıxışlarında bəyan edib ki, ölkədə toxunulmaz adam yoxdur. Demokratik dövlətlərdə hətta prezidentlər belə hakimiyyət başında olanda məhkəməyə dəvət olunurlar və orada ifadə verirlər. Eldar Mahmudov müstəntiqə qarşı belə hərəkətə yol veribsə, bu prezidenti saya-salmamaqdır. Yəni mən heç kimi saymıram deməkdir. Digər tərəfdən əgər belə bir insident baş veribsə, bu Baş Prokurorluğun zəifliyidir. Bu hərəkətə görə həmin şəxs dərhal həbs olunmalı idi. Bu cür hərəkətlər baş verirsə, prokurorluq çəkinməməli və həmin şəxsi istintaqa cəlb edərək, ən sərt suallarını ünvanlamalıdır».
Ə.Kərimmov onu da bildirdi ki, istintaq E.Mahmudovu dindirmək hüququna malikdir.
Gununsesi.info