Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü avqustun 29-da rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, D.Bünyadzadə küçəsində, 8 və 9-cu binanın sakinləriylə keçirib.
Gununsesi.org xəbər verir ki, səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra başçısı Yasamal rayonunda aparılan quruculuq işləri ilə bağlı sakinlərə ətraflı məlumat verərək, son bir ildə Yeni Yasamalda aparılan işlərdən danışaraq, ərazində bütün əsas yollara asfalt örtüyü vurulduğunu, küçə və səkilərin, parkların əsaslı təmir olunduğunu qeyd edib.
İcra başçısı 2019-cu il ərzində “IDEA” İctimai Birliyinin dəstəyi ilə Yasamal RİH ilə birgə rayon üzrə 24 məhəllədə abadlıq-quruculuq işlərinə start verildiyini, növbəlilik gözlənilməklə abad məhəllələrin yaradılmasının gələcəkdə bütün həyətləri əhatə edəcəyini qeyd edib. O, yüksək səviyyədə təmir olunaraq başa çatdırılan abad məhəllələrdən birinin yaxın vaxtlarda Yeni Yasamal ərazisində istifadəyə veriləcəyini vurğulayıb.
Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə başçısına və birinci xanıma öz minnətdarlıqlarını bildiriblər.
Görüşdə vətəndaşları narahat edən əsas məsələlərdən biri binanın qarşısına asfalt örtüyünün çəkilməsi və ağacların budanması ilə bağlı olub. İcra başçısı sakinlərə söz verərək, bir həftə ərzində görüş keçirilən həyətin yeni asfalt örtüyü ilə əvəzlənəcəyini və ərazidə olan qurumuş ağacların budancağını bildirib.
Sonda sakinləri narahat edən komunal problemlərlə bağlı xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.